Məhkəmə qərarları › İş №2(004)-5226/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5226/2022

04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5226/2022 04.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(004)-4222/2020 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşıa çatanadək saxlanması üçün onun xeyrinə Cavabdeh hər ay 170 (bir yüz yetimiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etməkdə məqsədi ondan ibarətdir ki, qanunvericiliyin normalarına əsasən cavabdehdən tutulan 170 (bir yüz yetimiş) manat sabit pul məbləğində alimentin miqdarı 170 (bir yüz yetimiş) manat məbləğində müəyyən edilsin. Uşaq böyüyür, böyüdükcə tələbatı artır, qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci il üzrə hər uşaq üçün 193 manat məbləğində müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək və xəstə qadın olaraq ona çox çətindir. Özü xroniki qan xəstəliyindən əziyyət çəkir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4222/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün onun xeyrinə Cavabdeh hər ay 170 (bir yüz yetimiş) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilməsi və Mediasiya Şurası Bakı 8 saylı Mediasiya təşkilatına ödədiyi 50 (əlli) manat manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onunla cavabdeh arasında faktiki nikah münasibətləri olmuşdur. O, qan xəstəliyindən əziyyət çəkir və bu səbəbdən də, işləyə bilmir. Sadəcə evdə tikiş tikərək müəyyən gəlir əldə edir və onu da evin kirayəsinə verir. Cavabdeh ona təyin edilmiş aliment məbləğini də vaxtlı-vaxtında ödəmir. Onun hazırda 1320 manat aliment borcu vardır. Cavabdeh rəsmi işləməsə də, onun daimi işi vardır və gəlirə malikdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin ünvan düzgün olmadığından bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4222/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2031/2018 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin 193 manat məbləğində artırılmasını tələb edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4222/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması xahiş etsə də, sonuncu tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması və eləcə də, xarici şirkətdə işləməklə yüksək əmək haqqı əldə etməsi barədə məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, alimentin artırılması üçün qanunda göstərilən paralel əsaslar da mövcud olmalıdır. Məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar