Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5226/2025 10.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun tanınması" tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Yasamal rayonu, Şərifzadə küçəsi ev 124, mənzil 17 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Oktyabr (indiki Yasamal) Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 22/2 nömrəli qərarı ilə hal-hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil icarəyə verilmişdir. X9 vəfat etdikdən sonra icarə müqaviləsi Cavabdeh Seyidağa qızı ilə bağlanmışdır. Həyat yoldaşı X13 da həmin evdə qeydiyyatda olmuş və mənzilin icarəyə verilməsi haqqında qərarda onun da icarəçi kimi adı göstərilmişdir. Yəni həmin mənzilin icarəçilərindən biri də onun həyat yoldaşı olmuşdur. Qərarda göstərilən şəxslərdən heç biri hal-hazırda həmin mənzildə yaşamır. O, 29 iyun 2007-ci il tarixdə X13 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra o, qeyd olunan mənzilə gəlin köçmüşdür və bu günə kimi də həmin mənzildə yaşayır. Həyat yoldaşı 10 yanvar 2024-cü ildə vəfat etmişdir. Gəlin köçərkən gətirdiyi bütün cehizlər həmin evdə yerləşir, özü qeyd olunan mənzildə yaşayır və bu evdən başqa yaşaya biləcəyi yer yoxdur. Hesab edir ki, onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Onun həmin mənzildə 2007-ci ildən bu günə qədər yaşadığı 32 saylı Mənzil Kommunal-İstismar İdarəsi və X6 və X21 tərəfindən təqdim edilmiş və notariat qaydada təsdiq edilmiş ərizə ilə təsdiq edilir. Həyat yoldaşı X13 vəfat etdikdən sonra, Bakı şəhəri 19 saylı Notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş X28 X12 əsasında onun vərəsəsi kimi tanınmışdır. Hesab edir ki, hal-hazırda həmin mənzildə tək yaşadığına və uzun müddət yaşadığına görə, qeyd olunan mənzilə istifadə hüququ yaranmışdır. Bu hüquq məhkəmə qaydasında tanınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, mənzilin çıxarışı yoxdur. Mənzildə hal-hazırda iddiaçı özü yaşayır. O, həmin mənzildə 2007-ci ildən yaşayır və kommunalları ödəyir. Evdə olmamasının səbəbi işi ilə bağlıdır. İddiaçı iki növbədə işləyir. Cavabdeh iddiaçının baldızıdır. Hazırda mübahisəli mənzildə yaşamır. Mənzil söküləcək olan ərazilərin arasında deyil. Verilən suallara cavab olaraq bildirmişdir ki, qayınatana da, qayınana da vəfat etmişdir. Həmin mənzildə yaşayan başqa şəxs yoxdur. İddiaçının uşaqları yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının başqa əmlakı var. X3 adına sənəd yoxdur. Həcər və Şəhlaya ev təqdim olunub, onlar qeydiyyatdan çıxıblar. Mütəmədi olaraq evə gedib-gəlmişlər. Dayısı dünyasını dəyişənədək iddiaçı mübahisəli mənzilə qeydiyyata düşməyib. Onun vəfatından sonra orada yaşamayıb, mənzil bağlı olub. iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 328212 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə İddiaçı 29 iyun 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 892 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan onra ərə Rəsulov, arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, keçmiş Oktyabr rayon XDS İKnin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 22/2 saylı qərarının təsdiq edilmiş ksero surəti ona göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Oktyabr (indiki Yasamal) Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 22/2 nömrəli qərarına əsasən, X3 vəfatı ilə əlaqədar Şərifzadə küçəsi, ev 124 ünvanında yerləşən 3 otaqlı sahəsi 45,75 kv.m olan mənzilə dair kirayə müqaviləsi nəvəsi X10 ilə bağlanılmışdır. Ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: anası Reyhan M., qardaşları Mirfəttah S., Vahid S., İslam S., gəlini Dəstə V., qardaşı qızları Həcər İ. və Şəhla İ. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1962-ci il tarixli qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vətəndaş X11 barədə heç bir məlumat yoxdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 397694 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində bronxların və ya ağciyərin yuxarı payının xərçəəngi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. X6 və X21 Bakı şəhəri 19 saylı Notariat ofisinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, bildirmişlər ki, İddiaçı ünvan 4 ünvanında 2007-ci ildən bu günə kimi qeydiyyatsız yaşayır. Onlar bunu öz imzaları ilə təsdiq edirlər. Ərizə reyestrdə 8İ-2036 nömrə ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli X28 X12nin surətindən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi: ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "X22 X19 Hüquqi şəxs "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi şəxs 6 nömrəli şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli 18-1-1-40/3-4/2024 nömrəli məktubuna əsasən mərhum X8 adına ödənilməli olan orta əmək haqqının 3 misli qədəri müavinət 1286.85 (bir min iki yüz səksən altı manat 85 qəpik) manat vəsaitdən ibarətdir. Şəhadətnamə Bakı şəhəri 19 saylı notariat ofisinin reyestrində 2V-106 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 32 saylı Mənzil- Kommunal İstismar sahəsi tərəfindən verilmiş 434 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyeva X1, 124 saylı evin 17 nömrəli mənzilində MKİS-də olan məlumata əsasən, 2007-ci ildən bu günə qədər qeydiyyatsız yaşayır. İddiaçı tərəfindən məhkəməyə ünvan 6 ünvanına görə müxtəlif illər üzrə (2018– 2025) həyata keçirilmiş kommunal, rabitə və elektrik enerjisindən istifadəyə görə ödənilmiş məbləğləri əks etdirən qəbzlər təqdim edilmişdir. Məhkəmə tərəfindən İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə 08 dekabr 2025-ci il tarixində Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Şərifzadə küçəsi, ev 124, mənzil 17 ünvanda yerləşən mənzilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, bina 5 mərtəbədən ibarətdir və mübahisəli mənzil 2-ci mərtəbədə yerləşir. Mənzil 3 otaqdan ibarətdir. Girişin sağ tərəfində yataq otağı yerləşir. Yataq otağına bitişik balkon vardır. Həmin otağın qabağında sanuzel, yanında isə qonaq otağı və əşyaların yerləşdirildiyi başqa bir otaq yerləşir. Qonaq otağından mətbəxə keçid mövcuddur. İddiaçı cavabdehin onun baldızı olduğunu və 16 il əvvəl evləndiyini, özünün isə 20 ildir ki, mübahisəli mənzildə yaşadığını bildirmiş, həmçinin, kommunal xərclərin də onun tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzlərini və fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun bir qız övladı var idi, lakin vəfat etmişdir. Həyat yoldaşının vəfatindan sonra cavabdeh ona evdən çıxmasını bildirmiş, lakin cavabdehə cavab yazmamışdır. Yerli baxışda iştirak cavabdehin nümayəndəsi Nümayəndə cavabdehin Xətai rayonunda yaşadığını, həmçinin, çıxarış üçün müraciət etdiklərini, lakin iddiaçı evdə olmadığına görə nümayəndənin evə gələ bilmədiyini qeyd etmişdir. Yerli baxış zamanı 2,3,4,5-ci mərtəbədə yaşayan qonşularla əlaqə yaradılmışdır. 2-ci mərtəbədə, iddiaçının yaşadığı mənzillə ilə üzbəüz mənzildə yaşayan Qasımzadə Ayşən bildirmişdir ki, 7 ildir ki, binada yaşayır, binaya köçəndən iddiaçı bu binada yaşayır, onun hər gün işə getməsini və işdən evə qayıtmasını görmüşdür. 3-cü mərtəbədə yerləşən 21 və 22 nömrəli mənzillərin sakini Fərziyeva Ülviyyə bildirmişdir ki, 16 ildir ki, binada yaşayır və bu müddət ərzində iddiaçını və mərhum həyat yoldaşını 2-ci mərtəbədə yaşadıqlarını bilmişdir. 4-cü mərtəbədə yaşayan X5 14 ildir ki, binada yaşadığını və həmin müddət ərzində iddiaçını tanıdığını, iddiaçı və mərhum həyat yoldaşından başqasını görmədiyini qeyd etmişdir. 4-cü mərtəbədə yaşayan Əliyeva Zülfiyyə 25 ildir ki, binada yaşadığını, iddiaçının sonradan binaya gəlin köçdüyünü və mərhum həyat yoldaşı ilə birlikdə yaşadığını bildirmiş, həmçinin, iddiaçıdan əvvəl mənzildə onun qayınanasının ailəsi ilə yaşadığını qeyd etmişdir. 5-ci mərtəbədə yaşayan Məmmədova Tamilla 10 ildir ki, binada yaşadığını, iddiaçının 2-ci mərtəbədə yaşadığını və həmin mənzildə iddiaçı ilə mərhum həyat yoldaşından başqasının qalmadığını qeyd etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Oktyabr (indiki Yasamal) Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 26 oktyabr 1989-cu il tarixli 22/2 nömrəli qərarına əsasən, X3 vəfatı ilə əlaqədar Şərifzadə küçəsi, ev 124 ünvanında yerləşən 3 otaqlı sahəsi 45,75 kv.m olan mənzilə dair kirayə müqaviləsi nəvəsi X10 ilə bağlanılmışdır. Kirayəçinin ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: anası Reyhan M., qardaşları Mirfəttah S., Vahid S., İslam S., gəlini Dəstə V., qardaşı qızları Həcər İ. və Şəhla İ. İddiaçı 2007-ci ildə mənzilin kirayəçisinin ailə üzvlərindən biri olan X13 ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə gəlin köçmüş və 17 il ərzində (bu günə qədər) orada fasiləsiz yaşamışdır. İddiaçının əri X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra İddiaçı onun yeganə vərəsəsi qismində tanışmış və Bakı şəhəri 19 saylı notariat ofisində ona xx.xx.2024-cü il tarixli X28 X12 verilmişdir. İddiaçı hazırda həmin mənzilə istifadə hüququnun tanınmasını tələb edir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində isə təsbit olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və işin hallarını, yəni mübahisəli mənzilin dövlət mənzil fonduna aid olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə istifadə hüququnun yaranıb-yaranmaması hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin tələblərinə uyğun araşdırılmalıdır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi iddiaçı 2007-ci ildə ailə qurub, mərhum həyat yoldaşının ailə üzvü kimi mübahisəli mənzilə köçdüyü vaxtdan, həmin mənzilə istifadə hüquqları yaranmışdır. 2007-ci ildən 2024-cü il tarixədək fasiləsiz olaraq həmin mənzildə mərhum əri ilə birlikdə yaşamış və birgə təsərrüfat aparmışlar. xx.xx.2024-cü il tarixdə ərinin vəfatından hazırki vaxtadək mübahisəli mənzilə yaşamağa davam edir. Məhkəmə tərəfindən 08 dekabr 2025-ci il tarixində Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Şərifzadə küçəsi, ev 124, ünvanda yerləşən 17 saylı mənzilə yerində müayinə keçirilən zaman qonşuların verdiyi ifadələrdən də müəyyən olunmuşdur ki, mənzildə iddiaçı və vəfat etmiş həyat yoldaşı birgə yaşamışlar və onlardan başqa kimsə yaşamamış, iddiaçıdan əvvəl mənzildə onun qayınanası ailəsi ilə yaşamışdır. Bundan başqa 2018–2025-ci illəri əhatə edən kommunal, işıq və rabitə xərclərinin iddiaçı tərəfindən ödənilməsi onun mənzillə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini və mənzildən faktiki olaraq istifadə etdiyi göstərir. Cavabdehin nümayəndəsinin iddiaçının mənzildə yaşamaması barədə iddiaları öz təsqini tapmır və məhkəmənin yerində keçirdiyi müayinə zamanı qonşuların verdikləri ifadələri ilə də təkzib olunur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 124 ünvanda yerləşən 17 saylı mənzilə istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5226/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5226/2025
10.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver