Məhkəmə qərarları › İş №2(004)-5259/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5259/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5259/2023 28.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 6500 manat əsas, 1441,89 manat faiz, 81,56 manat cərimə borcu, 0 manat komisyon haqqı olmaqla, cəmi 8023,45 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 100,24 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 28,75% ödəmək şərtilə 6500 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı aşır, borcalan isə həmin kreditdən məqsədli təynatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqailənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 6500 manat əsas, 1441,89 manat faiz, 81,56 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 8023,45 manat borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, o, 44 günlük Vətən Müharibəsində iştirak etmişdir, orada yaralanmışdır. Hazırda əlillik dərəcəsi olduğu üçün heç bir yerdə iş tapa bilmir. Bundan başqa himayəsində azyaşlı xəstə övladı vardır. Borcunu hissə-hissə olmaqla ayda 50-100 manat civarında ödəməyə imkanı çatır. Cərimə borcunun silinməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 28,75% ödəmək şərtilə 6500 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cavabdehdən 6500 manat məbləğində əsas borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi əsas borcu hissəsində irəli sürülmüş tələb həcmində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 1441,89 manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 81,56 manat cərimə (dəbbə pulu) onun əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 40 manat məbləğədək azaldılmalıdır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 6500 (altı min beş yüz) manat, faiz borcu üzrə 1441,89 (bir min dörd yüz qırx bir manat 89 qəpik) manat, cərimə borcu üzrə 40 (qırx) manat olmaqla, cəmi 7981,89 (yeddi min doqquz yüz səksən bir manat 89 qəpik) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat 24 (iyirmi dörd) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 6500 (altı min beş yüz) manat, faiz borcu üzrə 1441,89 (bir min dörd yüz qırx bir manat 89 qəpik) manat, cərimə borcu üzrə 40 (qırx) manat olmaqla, cəmi 7981,89 (yeddi min doqquz yüz səksən bir manat 89 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 100,24 (yüz manat 24 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar