Məhkəmə qərarları › İş №2(004)-5264/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5264/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5264/2024 25.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 26 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən borc verən (İddiaçı) borc alan Cavabdeh 8000 manat məbləğində pul borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borc alan krediti xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 3-cü bəndə görə tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi üzrə iddiaçının və cavabdehin hüquq və vəzifələri müəyyən edilmişdir. Bağlanmış müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyə əməl edərək cavabdehə 8000 manat pulu borc şəklində versə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, yəni borcu xx.xx.2024-cü il tarixinədək ödəməli olsa da, pul bugünədək iddiaçıya qaytarılmamışdır. 8000 manat pulun ödənilməsi xx.xx.2024-cü il tarixdə pretenziya göndərilib tələb edilsə də, cavabdeh bugünədək öhdəliyini icra etməmişdir. Daha sonra, Cavabdeh məhkəməyə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, o, “Beauty Tac” gözəllik salonunda saç ustası olaraq fəaliyyət göstərmişdir. Əli adlı usta vasitəsi ilə iddiaçı Şəbinə xanım ilə tanış olmuşdur. Şəbinə xanım ona transfer üçün 8000 manat pul təklif etmişdir ki, Beauty Tac gözəllik salonunu tərk edərək ona məxsus Sabi Beauty salonunda fəaliyyət göstərsin. Araların olan razılaşmaya əsasən hər günlük xərclər çıxıldıqdan sonra qalan xalis gəlirin 50%-ni iddiaçıya verəcək və həmin pul vəsaiti 8000 manatdan çıxılacaqdı. İlkin olaraq avqust ayının 10-dan etibarən 1 aylıq sınaq müddəti olaraq ona məxsus salonda fəaliyyət göstərmişdir. Sonra isə ilkin razılaşmaya uyğun olaraq ona transfer haqqı-yəni digər salonda əmək fəaliyyətini sonlandıraraq salonunda işə başlamağı üçün 8000 manat pul vəsaiti vermişdir. Lakin həmin vəsait notarial qaydada iddiaçının təşəbüssü ilə transfer müqaviləsi olaraq yazılmalı olduğu halda, borc adı altında rəsmiləşdirilmişdir. Yəni ona ödənilən 8000 manat pul vəsaiti borc pul vəsaiti deyil, onun iddiaçıya məxsus Sabi Beauty salonuna gələrək fəaliyyət göstərməyi üçün transfer haqqı olaraq ödədiyi puldur. Aralarında olan razılaşmaya əsasən ona ödədiyi transfer pulunu hər aylıq onun qazancından xərclər çıxıldıqdan sonra qalan xalis gəlirin 50% miqdarında iddiaçıya ödəniş edəcək və iddiaçı da transfer olaraq ona ödədiyi 8.000 manat pul vəsaitindən həmin pulu çıxacaqdı. O, 10 avqust 2023-cü il tarixdən 01 mart 2024-ci il tarixinə qədər 7 ay müddətində iddiaçıya məxsus SABİ BEAUTY LAB gözəllik salonunda saç ustası olaraq fəaliyyət göstərmişdir. Hesabat gündəlik olaraq aparılmış və əldə edilmiş qazancın 50 faizini Səbinə xanıma və ya Səbinə xanımın göstərişi ilə bacısı Sevinc xanıma gün sonunda ödəmişdir. Ümumilikdə iddiaçıya 5998 manat pul vəsaiti ödəmişdir. Həmin pul vəsaitinin iddiaçı Səbinə xanım tərəfindən alınmasını təsdiq edən danışıqlarını əks etdirən səs yazıları mövcuddur. Son danışıqlarında isə aralarında olan razılaşmaya əsasən ona salon tərəfindən müştəri verilməməsi və onun şəxsi müştərilərinin salonun xidmət səviyyəsinin qənaətbəxş olmamasından narazı qalaraq salona gəlməməsi ilə son aylar müştəri bazasını itirmişdir. Bu səbəbdən iddiaçıya məxsus salondan ayrılmaq fikrini bildirərək, halalıq olması üçün transfer olaraq ona ödədiyi 8000 manat pul vəsaitindən tərəfindən 5998 manat ödədiyini, əlavə olaraq isə ona 3000 manat ödəyəcəyini, hallalıq üçün isə əlavə olaraq 1000 manat ödəyəcəyini bildirmişdir. Səbinə xanım ilkin olaraq razılaşmışdır. Ondan kart hesabını ona verməyini xahiş etmişdir. O isə onunla razılaşaraq 4000 manat ödəniş etməsini və müqaviləni ləğv edəcəyini bildirmişdir. O isə hazırda 3000 manat pul vəsaitinin olduğunu, 1000 manatın isə aprel ayında verə biləciyini qeyd etmişdir. İddiaçı isə onda 3000 manatı indi verməyini, aprel ayında isə 1000 manatı gətirdikdə gedib aralarında borc adı altında rəsmiləşdirilmiş müqaviləni ləğv edəcəyini bildirmişdir. O, Səbinə xanıma 3000 manatı verməyini təsdiq edən sənəd imzalamağını xahiş etdikdə isə o hər hansı sənəd imzalamayacağını bildirmişdir. Bu halda o, ondan kart hesabını ona verməyini və 3000 manatı ora göndərəcəyini dedikdə isə bildirmişdir ki, kart hesabına ödəniş etməsin, nağd qaydada versin, o isə heç bir sənəd almadan ona ödəniş etmişdir. Belə ki, araların transfer olaraq ona ödədiyi puldan 3000 manat pul hesabı qalmışdır. Lakin iddiaçı 3000 manat pulu təsdiqləyən sənəd imzalamaqdan imtina etməyi səbəbindən həmin pul vəsaitini ona verməmişdir. Bu halı təsdiq edən danışıqlar - səs yazıları mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsində borc məbləğinin bir hissəsinin ödənildiyini, qalan məbləği də ödəməyə hazır olduğunu bildirmişdir. Qarşı tərəfin təqdim etdiyi səs yazısında həmin məbləğin ödənildiyi öz əskini tapmamışdır. İddiaçı və cavabdehin birlikdə işlədikləri dövrdə əldə etdikləri gəlirin borc məbləğinə heç bir aidiyyatı yoxdur. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Qeydiyyat dəftərində cavabdehlə aralarında olan haqq-hesab öz əksini tapmışdır. Tərəfindən cavabdehə verilən borcun əldə etdikləri qazanca heç bir aidiyyatı yoxdur. Birlikdə işlədikləri dövrdə əldə etdikləri gəlir 12000 manat təşkil edir ki, həmin məbləğin yarısı ona, yarısı isə cavabdehə çatmışdır. Cavabdeh gözəllik salonunda 6 ay işləmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə aralarında olan razılığa əsasən həmin məbləği işləyərək ödəməli idi. Salonda işlədiyi birinci ay ərzində 4200 manat gəlir əldə etmişlər. Həmin məbləğin yarısı iddiaçıya verilmiş, yarısı isə ona çatmışdır. Daha sonra iddiaçı gəlir gətirdiyini görərək, onunla kredit müqaviləsi bağlamışdır. İddianın rədd edilməsini xahiş edir. İddiaçı ona əlavə olaraq 1000 manat da beh vermişdi. Həmin 8000 manat pul ona verilmişdir. Həmin məbləğ salonda fəaliyyət göstərməyi üçün verilmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən borc verən (İddiaçı) borc alan Cavabdeh 8000 manat məbləğində pul borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borc alan krediti xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 3-cü bəndə görə tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 8000 manat borcun 5 gün müddətində qaytarılması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan X7 tərəfindən X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onunla X7 arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi imzalanmış, borc müqaviləsinə əsasən ona 2350 manat borc verilmişdir. Həmin borc hər ay 784 manat olmaqla 3 ay ərzində tərəfindən qaytarılmalı idi. Maddi vəziyyəti yaxşı olmadığından öhdəliyində olan 2350 manat pul vəsaitini ilkin olaraq 1-10 aralığından başlayaraq 3 ay müddətində ödəyəcəyinə söz vermişdir. Yəni son müddət oktyabrın 10-dək pul vəsaitinin ödənilməsinə təminat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, X10 tərəfindən məhkəmədə iddia qaldırılması üçün 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan X11 tərəfindən X2 verilmiş xx.xx.2024-cü il tarixli, reyestrdə 7E- 7010 nömrə ilə qeyd edilmiş məhkəmədə təmsilçiliklə bağlı verilmiş etibarnamədən görünür ki, X5 17,25 manat məbləğində haqq tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X11 tərəfindən 340 manat məbləğində pul vəsaiti 14 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli Vəkil orderindən görünür ki, 14 saylı Vəkil Bürosunun vəkili X1 Fuad Qalib oğluna Yasamal Rayon Məhkəməsində pul tələbi ilə bağlı hüquqi yardım göstərəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 8000 manat məbləğində pul İddiaçı tərəfindən AZ46MUGA**********00002AZM07 hesab nömrəsinə köçürülmüşdür. İş materiallarında olan dəftərdən görünür ki, Cavabdeh SABİ BEAUTY LAB gözəllik salonunda saç ustası olaraq fəaliyyət göstərməsindən əldə edilmiş qazancdan xərclər çıxıldıqdan sonra qalan xalis gəlir salon müdiriyyəti ilə hər tərəfə 50% miqdarında bölünmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 26 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən (İddiaçı) borc alan Cavabdeh 8000 manat məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş borcu İddiaçı qaytarmamışdır. Cavabdeh etirazında və məhkəmə iclasında verdiyi izahatında 8000 manat pulun ona borc kimi yox, iddiaçının salonunda işləmək üçün transfer olaraq verildiyini qeyd etsə də, bunu təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan biri də budur ki, tərəflər arasında işçi işəgötürən münasibətləri də olmuşdur. Cavabdeh iddiaçıya məxsus salonda saç ustası olaraq işləmişdir. İş materiallarında olan dəftərdən görünür ki, Cavabdeh SABİ BEAUTY LAB gözəllik salonunda saç ustası olaraq fəaliyyət göstərməsindən əldə edilmiş qazancdan xərclər çıxıldıqdan sonra qalan xalis gəlir salon müdiriyyəti ilə hər tərəfə 50% miqdarında bölünmüşdür. Buradan belə bir nəticəyə gəlmək olur ki, tərəflər arasında yaranmış kredit müqaviləsindən irəli gələn münasibətlə tərəflər arasında işçi-işəgötürən arasında qazancla bağlı yaranmış münasibəti fərqləndirmək lazımdır. Cavabdehin 8000 manat məbləğində pulun onun iddiaçının salonuna gətirilməsi ilə bağlı transfer olaraq verildiyini söyləməsi ağlabatan deyildir. Əks təqdirdə tərəflər kredit müqaviləsi bağlamaz və iddiaçı belə bir öhdəliyi öhdəsinə götürməzdi. Belə olduğu təqdirdə, cavabdeh etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh bununla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi səsyazmasında qeyd edilən ödənişlərin isə birbaşa olaraq xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə həmin ödənişlərin məhz xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə olduğunu təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir. Səsyazmada qeyd edilən ödənişlərin Cavabdeh SABİ BEAUTY LAB gözəllik salonunda saç ustası olaraq fəaliyyət göstərməsindən əldə edilmiş qazancın bölgüsü olaraq salona çatmalı olan ödəniş olması istisna edilmir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış öhdəliklərin icrasını tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, o onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 8000 manat borcunu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul da tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar