Məhkəmə qərarları › İş №2(004)-5276/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5276/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5276/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 05.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2686,91 manat məbləğində əsas borc, 39,06 manat məbləğində faiz borcu, cəmi 2725,97 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, Expressbank" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11.06.2019-cu il tarixli, 100821-111206/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2699,66 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafıkini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 30.07.2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 2686,91 manat məbləğində əsas borcu və 39,06 manat faiz borcu olmaqla, cəmi 2725,97 manat məbləğində kredit borcu yaranmışdır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.06.2019-cu il tarixli, 100821-111206/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən, bank borcalana restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2699,66 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.03.2021-ci il tarixli, 001/007/0939/2021 saylı bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 30.07.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 11.06.2019-cu il tarixli, 100821-111206/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 30.07.2021-ci il tarixə 2686,91 manat əsas, 39,06 manat faiz borcu, cəmi 2725,97 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). İş materiallarında müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2686,91 manat məbləğində əsas borc, 39,06 manat məbləğində faiz borcu, cəmi 2725,97 manat (iki min yeddi yüz iyirmi beş manat doxsan yeddi qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2686,91 manat məbləğində əsas borc, 39,06 manat məbləğində faiz borcu, cəmi 2725,97 manat (iki min yeddi yüz iyirmi beş manat doxsan yeddi qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar