Məhkəmə qərarları › İş №2(004)-528/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-528/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-528/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Oqtay oğlu və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Oqtay oğlu və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 25.06.2019-cu il tarixli, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 05.08.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsini, həmin müqavilələr əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X5i İdarəsi tərəfindən verilmiş elektron çıxarışdan göründüyü kimi Cavabdeh1 adına 02.05.2017-ci il tarixdə “X4” markalı, **-TE-*** dövlət nömrə nişanlı (AC847259, buraxılış ili 2014, mühərrik 8657869, ban JTEBX3FJ50K189850, ağ mirvari) avtomobil qeydiyyatdan keçmişdir. Lakin həmin arayışdan da görünür ki, 25.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydiyyatdan çıxmışdır. Lakin avtomobilin alqı-satqısından onun heç bir məlumatı olmamışdır. Göründüyü kimi, sözügedən avtomobillər nikah dövründə əvəzli olaraq əldə edilmiş, lakin sonradan cavabdeh iddiaçının məlumatı və razılığı olmadan avtomobilləri özgəninkiləşdirmişdir. Bununla da, rəsmi reyestrdə qeydə alınan avtomobillər üzərində cavabdeh tərəfindən sərəncam verilərkən iddiaçının həmin avtomobillər üzərində olan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, iddianın əsasını “Toyota Prado” markalı avtomobil təşkil edir. Avtomobil 02.05.2017-ci ildə, birgə nikah dövründə alınıb. Sonradan avtomobil iddiaçının razılığı, xəbəri olmadan özgəninkiləşdirilib. 25.06.2019-cu il tarixdə avtomobil Cavabdeh3 Oqtay oğluna satılıb. Həmin şəxs isə iddiaçının oğludur. Bu barədə iddiaçının xəbəri olmayıb. Tərəflər arasında nikah pozulmayıb. Lakin onlar faktiki olaraq ayrı yaşayırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, qanunvericilikdə göstərilir ki, birgə nikah dövründə əldə olunmuş əmlak özgəninkiləşdirilən zaman ər-arvadın razılığı alınmalıdır. Reallıqda isə bu cür alqı-satqı müqaviləsi zamanı razılıq çox vaxt tələb edilmir. Məhkəmənin sorğusuna cavabdan da görünür ki, həmin maşın ata ilə oğul arasında dəfələrlə özgəninkiləşdirilib. Hər bir halda isə maşın daim bir həyətdə saxlanılıb. Belə olan halda iddiaçı maşının ərinin, yoxsa oğlunun adına olmasını bilə bilməzdi. Hazırki iddianın irəli sürülməsinə isə Ceyhunun maşını digər cavabdeh Ruslan adlı şəxsə satması olmuşdur. Ruslan isə Ceyhunla öz aralarında məsələni həll ediblər. Hesab edir ki, məhkəmə qətnaməsi ilə tərəflərin əvvəlki vəziyyətə qaytarılması daha yaxşı olar, ona görə də iddianı qəbul edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 Oqtay oğlunun nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, o, hüquqlarını müdafiə etdiyi şəxslə əlaqə saxlamışdır. O bildirmişdi ki, atası uzun müddət Rusiya Federasiyasında yaşayıb, son 5-6 ildir ki, davamlı olaraq Bakıda yaşayır. Ata-anası arasında daim fikir ayrılıqları olub. Ceyhun bildirir ki, Ruslanla aralarında pul haqq-hesabı var, onun əvəzinə də maşını onun adına keçirib. Əgər pul qaytarılarsa, maşını təzədən atasına qaytara bilər. Nəqliyyat vasitəsi hazırda Cavabdeh2 istifadəsindədir. Cavabdeh3 Oqtay oğlu iddia tələbini qəbul etmir və təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, Cavabdeh2 özünün bildirdiyinə görə Cavabdeh3 uzun zamandır tanıyır. Ceyhun bildirmişdir ki, onun vəziyyəti pisdir, maşınını da vurub. Onlar öz aralarında həmin maşının Ruslana satılması ilə bağlı razılaşıblar. Maşının əzik vəziyyətinə görə beş min manata satılıb və bu X5 İdarəsində rəsmiləşdirilmişdir. Bu səbəbdən də o, hesab edir ki, Ruslan vicdanlı alıcıdır. Onun alqı-satqı zamanı özgənin əmlakına bir qəsdi olmayıb. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 02.05.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, 2014-cü il buraxılışlı, **-TE-*** dövlət qeydiyyat nişanlı, X4 markalı avtomobil Cavabdeh3 tərəfindən Cavabdeh1 satılmışdır. İş materiallarında olan 25.06.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, 2014-cü il buraxılışlı, **-TE-*** dövlət qeydiyyat nişanlı, X4 markalı avtomobil Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmışdır. İş materiallarında olan 05.08.2019-cu il tarixli alqı-satqı müqailəsindən görünür ki, 2014-cü il buraxılışlı, **-TE-*** dövlət qeydiyyat nişanlı, X4 markalı avtomobil Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X2 01.10.1958-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Sadıqova soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, o, Cavabdeh3 uzun illərdir ki, tanıyır. Özü ticarətlə məşğul olur. Təxminən 2018-ci ilin aprel ayında Cavabdeh3 ona bildirmişdir ki, həyat yoldaşı Jalə Sadıqova artıq VÖEN əsasında ticarətlə məşğul olur ona satması və işləməsi üçün mal verməsini istəmişdir. O, razılaşmış və ona satması üçün mal vermişdir. Sonradan hər ondan mal alanda bir qədər də satıb verməsi üçün nisyə götürürdü. Onlar bu qaydada təxminən 2018-ci ilin dekabr ayına qədər işləmişlər. Götürdüyü nisyə malların dəyəri 20500 manat həddində olmuş və o, həmin pulun verilməsini tələb etmişdir. Cavabdeh3 da maddi vəziyyəti aşağı olduğunu və maşınının da əzildiyini bildirmiş və buna görə də pulun bir hissəsini nağd bir hissəsini də maşınını sataraq verəcəyini bildirmişdir. Onlar razılaşmış və o, maşını əzik vəziyyətdə 5000 manata razılaşaraq almış və pulun qalan hissəsi də nağd olaraq Cavabdeh3 tərəfindən qaytarılmışdır. O, sonradan maşını özü təmir etdirmiş və hazırda da satmışdır. O, iddia ərizəsini qəbul etmədiyini bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı 01.10.1958-ci il tarixdə nikaha daxil olmuşlar. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Oqtay oğlu və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 25.06.2019-cu il tarixli, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 05.08.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsini, həmin müqavilələr əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Qeyd olunmalıdır ki, hazırkı işdə birgə nikah dövründə əldə olunmuş əmlak olduğu irəli sürülən avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edildiyi işdəki mövcud sübutlarla təsdiq olunmaqdadır və iddiaçı, həmin avtomobilin onun (iddiaçının) razılığı olmadan əri tərəfindən özgəninkiləşdirildiyini iddia edərək hazırkı iddia tələblərini irəli sürmüşdür. Bu baxımdan məhkəmə, mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli nəqliyyat vasitəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 25.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin əsaslı olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən isə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə də, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Mülki və ailə qanunvericiliyinin göstərilən müddəalarına əsasən məhkəmə hesab edir ki, mübahisə mövzusu olan avtomobili alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh3 Oqtay oğlu onun avtomobil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 33.4-cü maddəsi, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur; mexaniki nəqliyyat vasitələri rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar hesab edildiyindən və onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə tənzimlədiyindən isə, nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman belə bir razılığın olması qanunvericiliklə tələb edilmir. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçının avtomobilin Cavabdeh3 Oqtay oğluna satılmasında xəbərsiz olduğu barədə irəli sürdüyü iddia əsassızdır. Belə ki, Cavabdeh3 Oqtay oğlu həm iddiaçının həm də Cavabdeh1 oğludur. Belə olduğu halda isə məhkəmənin qənaətinə görə, iddiaçının mübahisəli avtomobilin həyat yoldaşının adından oğlunun adına rəsmiləşdirilməsindən xəbəri olmaması barədə irəli sürdükləri dəlillər inandırıcı deyildir. Məhkəmə həmçinin iddia ərizəsinin Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 05.08.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsi üzrə də hesab edir ki, iddia ərizəsi bu hissədə də əsassıdır. Məhkəmə hesab edir ki, iddiaçının ər-arvadın birgə mülkiyyətinin hüquqi rejimindən yaranan hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Belə ki, Cavabdeh2 2014-cü il buraxılışlı, **-TE-*** dövlət qeydiyyat nişanlı, X4 markalı avtomobilin vicdalı alıcısı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi 27.10.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Eyni zamanda H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Belə ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Şərh olunanlara əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi Cavabdeh2 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyritaraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar