Məhkəmə qərarları › İş №2(004)-5287/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5287/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5287/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 171 manat əsas borcun və 20 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 13.10.2017-ci il tarixli alqi-satqı müqaviləyə əsasən, dəyəri 1449 manat olan “İnline” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarları cavabdehə vermişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 50 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1399 manat isə hər ay 62 manat olmaqla 24 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtini pozaraq 171 manat məbləğində su təmizləmə sisteminin pulunu ödəməkdən imtina etmişdir. Tərəfindən alıcı ilə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilərək borcluya borcunu ödəməsi ücün dəfələrlə xəbərdarlıq olunsa da, borclu öhdəliklərini icra etməmişdir. Sonuncu dəfə Cavabdeh 18.10.2020-ci ildə ödəniş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448, 567, 598, 600-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı 1449 manat dəyərində malın – “İnline” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarların dəyərini 50 manat məbləğində ilkin ödəniş olmaqla, qalan1399 manatı 24 ay ərzində hər ay 62 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Nəticə etibarilə, cavabdehin alqı-satqı müqaviləsi üzrə 171 manat əsas, borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cababdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Müllki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Cavabdeh 13.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 171 manat əsas borc və 20 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 13.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 171 (bir yüz yetmiş bir) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar