Məhkəmə qərarları › İş №2(004)-534/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-534/2025

07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-534/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh '*YELO BANK" ASC-dən 10000 manat məbləğində maddi ziyan pulunun və 100.40 manat dövlət rüsumunun, cəmi 10100.40 manat məbləğində pulun alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ASC ona və oğlu X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onlardan müştərək qaydada Cavabdeh ASC-nin xeyrinə 02 oktyabr 2014cü il tarixli daxili maliyyə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025- ci il tarixdən xx.xx.2022-ci il tarixədək 60097.35 manat əsas, 168942.39 manat faiz borcu və 34736.77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 263776.51 manat borcun və 522.51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-624/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onların iddia tələbi qismən təmin edilərək, onlardan müştərək qaydada Cavabdeh ASC-nin xeyrinə 02 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 60097.35 manat əsas, 128681.78 manat faiz borcu və 34736.77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 223515.90 manat borcun və 522.51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən narazı qalaraq, o və Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verdlər, apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsi özünün 2(106)-185/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, onun isə apellyasiya şikayəti təmin edilərək Lənkəran rayon məhkəməsinin 2(049)-624/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh ASC-nin ona və oğlu X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası rədd edilmişdir. Bundan sonra "xxxx" ASC həmin qətnamədən də narazı qalaraq, kasassiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmiş, onun kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxaraq, özünün 2(102)-1208/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-185/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirmədən saxlanılması qərara alınmışdır. Beləliklə də, Cavabdeh ASC vicdansızcasına və əsassız yerə ona qarşı məhkəmədə iddia qaldıraraq, vaxt itkisinə gətirib, çıxartmışdır. Buna görə o həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində iştirak etmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilmiş kassasiya şikayətinə etiraz göndərmişdir. Etiraz ərizəsinin tərtib edilməsi üçün də vəkilə pul ödəmişdir. Belə ki, bütün bunlara görə həmin vaxt itkisi olub və həm də vəkillə müqavilə bağlayıb, ödəniş etmişdir. Bununla da, o, maddi ziyan çəkmişdir. Ona görə də hazırki, iddia tələbi ilə məhkəməyə müraciət edir. İddia ərizəsində qeyd etdiyi hallar iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Lənkəran Rayon Məhkəməsinin 2(049)-624/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı və X1 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 60097,35 manat əsas borc, 128.681,78 manat faiz, 34.736,77 manat cərimə olmaqla, ümumilikdə cəmi 223.515,9 manat borc və 522.51 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; İş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən 245 manat cavabdehlər İddiaçı və X1 müştərək qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-185/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməsi; cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi; Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)-624/2023 saylı qətnaməsinin ləğv edilməsi; iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməməsi; iş üzrə ekspertiza xərcini təşkil edən 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti "Yelo Bank” ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına ödənilməməsi; Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq cavabdeh İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi- 262 (iki yüz altmış iki) manat məbləğində pul vəsaiti "Yelo Bank” ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1208/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-185/2024 saylı nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC “kredit müqaviləsi üzrə borc” tələbi ilə iddiaçıya qarşı iddia qaldıraraq, məhkəməyə müraciət etmişdir. Nəticə etibarilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-624/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Müvafiq qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri əsasında Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-185/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "Yelo Bank” ASC-nın apellyasiya şikayəti təmin edilməmiş; cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş; Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)-624/2023 saylı qətnaməsi ləğv edilərək; iddiaçı "Yelo Bank” ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. "Yelo Bank” ASC həmin qətnamədən kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1208/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-185/2024 saylı nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda iddiaçı iddia edir ki, cavabdehin əsassız iddiası əsasında ona maddi ziyan dəymiş, vaxt itkisi yaşamış, vəkillə müqavilə bağlayıb, artıq xərc çəkmişdir. Buna baxmayaraq, İddiaçı bunu təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bir sözlə, iddiaçı tərəf cavabdeh tərəfindən ona maddi zərər vurulduğunu təsdiq edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar