Məhkəmə qərarları › İş №2(004)-5344/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5344/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5344/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili X2, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla əri arasında olan nikah pozulmuş və keçmiş əri ilə birgə nikahdan əldə edilmiş əmlakdan ona 89000 manat pul düşmüşdür. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin iştirakı ilə həmin 89000 manat pul ona verilmişdir. Pulu alan zaman onun X7 da,onunla idi. Qısa müddət keçdikdən sonra, 2017ci ilin dekabr ayının axırlarında X7 ona demişdir ki, onun bir yaxını vardır və ona təcili pul lazımdır, 2018-ci ilin axırlarına qədər qaytaracağına söz vermişdir. Sevinc cavabdehin pulu qaytaranda cuzi olsa da, hörmət edəcəyinə söz vermişdir. X3 Cavabdeh ilə tanış etmiş, o da, rəfiqəsinin sözlərinə etibar edərək, ərindən ona düşən paydan olan puldan rəfiqəsi Sevinc Dadoşavanın tanışı Cavabdeh 70000 manat pul verməyinə razılaşmışdır. O, həmin pulun verilməsini Qanunvericiliyinin tələblərinə uyğun olaraq notariat qaydasında verilməsini tələb etmiş, pulu alan cavabdeh də, bununla razılaşmışdır. xx xxxxxx 2018-ci il tarixdə, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanılmış və Cavabdeh 70000 manat pulu xx.xx.2018-ci il tarixə qaytaracağını öz öhdəsinə götürmüşdür. Cavabdeh notariat kontorunda 70000 manat pulu məndən aldığı an kredit müqaviləsində pulu təhvil aldığını qeyd etmişdir. 2018-ci ilin sonuna yaxın o, Cavabdeh pulu qaytarmaq lazım olduğunu və artıq noyabr ayının sonu olduğunu bildirmişdir. Cavabdeh isə narahat olmamağını və pulu ilin sonunda qaytaracağına söz vermişdir. Lakin, Cavabdeh öz verdiyi sözlərinə əməl etməməyə başlamışdır. 2018-ci ildən etibarən 2020-ci ilin yay ayına qədər zəng vuraraq götürdüyü kredit borcunun geri qaytırılması xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Hətta son vaxtlar Cavabdeh ümumiyyətlə onun telefon zəglərinə cavab verməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh müqavilənin hər hansı bir öhdəlikləri yerinə yetirməmiş, dəfələrlə pulun ödənilməsi barədə şifahi xəbərdarlıqları olsa da, lakin heç bir nəticəsi olmamışdır. O, məcbur olaraq xx.xx.2020-ci il tarixdə EMS sürətli poçt xidməti vasitəsi ilə cavabdehin ünvanına pretenziya məktubu göndərmiş, lakin, həmin pretenziya məktubunu xx.xx.2020-ci il tarixdə almış, lakin hər hansı bir reaksiya verməmiş, Cavabdeh ümumillikdə demək olar ki, ona verdiyi 70000 manat pulundan hər hansı bir məbləği qaytarmamışdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirməsindən yayınır, eyni zamanda müqavilə üzrə onun tərəfindən verilmiş 70000 manatı qaytarmır. Bundan başqa, hesab edir ki, Cavabdeh 70000 manatı özündə saxlamaqla ona zərər vurmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən ondan götürdüyü məbləğin illik 5% faizi məbləğində vəsaiti də, ödəməlidir. Göstərilənlərə əsasən Cavabdeh ilə aralarında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, 70000 manat məbləğində pulun və MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği qətnamə çıxan günədək 5% faiz manat məbləğində pulun hesablanmaqla ona ödənilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o cavabdehi, cavabdehin özünün tanışı olan və onunla da, bir müddət rəfiqəlik etmiş Sevinc vasitəsi ilə tanımış və cavabdehə aralarında bağlanmış kredit müqaviləsinə əsasən borca 70000 manat məbləğində pul vermişdir. Aralarında olan razılığa əsasən cavabdeh verilmiş pulun müqabilində sonda ona müəyyən məbləğdə mükafat şəklində pul da verməli idi. Cavabdehin borcunu tamami ilə ona qaytarması absurd məsələdir. X11 vasitəsi ilə, nə də digər şəxslər vasitəsi ilə cavabdeh tərəfindən edilmiş ödənişləri almamışdır. Sadəcə olaraq qardaşı oğlu qəza keçirdiyi zaman təcili pul lazım olduğundan cavabdehdən pul istəmiş və sonuncu da, ona 2000 manat məbləğində ödəniş etmişdir. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş Sevinc Dadaşovanın ona qarşı qərəzli ifadə verməsi, onların arasında olan münasibətlərin sonra illərdə korlanması olmuşdur. Bunun nəticəsi kimi də, şahid ona qarşı belə bir yalançı izahat verir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili X5 iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında bağlanılmış borc müqaviləsinə əsasən, cavabdeh iddiaçıya olan borcunu 2018-ci ilin sonuna kimi bağlanmalı idi. Lakin 2018-ci ilin yay aylarından sonra cavabdehlə əlaqə saxlanılması mümkün olmamış və cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. İddiaçı Gəncə şəhərində qəza keçirtdiyindən ona pul lazım olmuş, bu barədə cavabdehə müraciət etmiş, yalnız bu halda cavabdeh borcundan cəmi 2000 manat məbləğində ödəniş etmişdir. Bundan başqa cavabdeh iddiaçının rəfiqəsi olan Sevinc xanım vasitəsi ilə iddiaçıya 40000 manat məbləğində pul qaytarmamışdır. Həmçinin cavabdeh qeyd etdiyi Rəsul şəxs vasitəsi ilə də, cavabdeh iddiaçıya olan borcundan geri qaytarmamışdır. Ümumiyyətlə isə iddiaçı cavabdehə pulu faizlə verməmişdir. Cavabdehin hal-hazırda iddiaçıya 68000 manat məbləğində borcu vardır. Odur ki, qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, Nəzakət xanımı şəxsən tanımamış, Sevinc xanım vasitəsilə tanımışdır. Sevinc xanımın sözlərinə görə Nəzakət xanımın maddi vəziyyəti yaxşı olmadığından onnan 70000 manat pul götürüb aylıq ödəməklə qaytarmağını təklif etmişdir. Beləliklə xx xxxxxx 2018-ci il tarixdə, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda Nəzakət xanımla borc müqaviləsi bağlamaqla ondan 70000 manat pul almışdır. Həmçinin hər ayın 8-i faiz kimi ödədiyi 1500 manat pulu onlar müqavilədə qeyd etməmişdir. 4 ay ərzində 2018-ci ilin fevralından may ayınadək 1500 manat pulu Sevinc xanım vasitəsilə Nəzakət xanıma ödəmişdir. May ayının axırında Nəzakət xanım Qaraçuxurdakı evini sataraq yeni ev almaq istədiyinə görə ona pulun indi lazım olduğunu bildirmişdir. Məbləğin hamısını birdən ödəyə bilmədiyinə görə pulu hissə-hissə ödəyəcəyini demişdir. İyun ayında Şəhrizad restoranında Sevinc Xanımın yanında 40000 manat pulu Nəzakət xanıma vermişdir. Ondan sonra Nəzakət xanımın qardaşı oğlu Rəsul adlı şəxslə iki dəfə görüşərək ona pul vermiş və ümumilikdə Nəzakət xanıma 55000 manat pul verdikdən sonra, qalıq borcu 15000 manat təşkil etmişdir. Həmçinin bildirmək istəyir ki, 6 ay ərzində də hər ay ödədiyi 1500 manat faiz pul da, ümumilikdə 9000 manat təşkil etmişdir. Sonra da 1200 manat və 900 manat ödəmişdir. Oktyabr ayında Nəzakət xanım ona zəng edərək Gəncədə qəza keçirtdiyini və təcili pula ehtiyacı olduğunu söylədiyinə görə, növbəti gün ona poçt vasitəsilə 2000 manat pul göndərmiş və beləliklə onun borcu 10600 manat təşkil etmişdir. Oktyabr ayının sonunda Nəzakət xanım onun ofisinə gələrək 10000 manat pul götürmüş, qalan 600 manatı qaytarmağına ehtiyac olmadığını söyləmişdir. O, Nəzakət xanıma ümümilikdə 80500 manat pul ödəmişdir ki, onun 70000 manatı əsas borc, 10500 manat isə faiz olmuşdur. O, borcunu ödədikdən sonra Nəzakət xanım borc müqaviləsini ləğv etməyi təklif etmiş, lakin onun vaxtı olmadığından müqaviləni ləğv edə bilməmişlər. İddiaçıya verdiyi məbləğlərə görə isə ondan hər hansı bir qəbz almamışdır. 2018-ci ilin oktyabr ayının sonundan Nəzakət xanım ona zəng etməmiş, onu axtarmamışdır. O, iddiaçıya olan borcunu tamami ilə ödəmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili X8 iddia tələbinə etiraz edərək bildirdi ki, 2018-ci ildən Nəzakət xanım cavabdehi borcun ona qaytarılması məqsədilə axtarmamış və zəng etməmişdir. Hal-hazırda iddiaçının maddi vəziyyəti yaxşı olmadığından və borc müqaviləsinin ləğv olunmamasından istifadə edərək cavabdehə qarşı iddia qaldırmışdır. Cavabdeh 2000 manat pulu poçt vasitəsilə göndərdiyindən və bu barədə qəbzi olduğundan iddiaçı həmin pulun ona ödənildiyini etiraf etmişdir. Hesab edir ki, iddia tələbi tam əsassızdır və buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, Nəzakət xanımı Nəriman müəllimlə o 2017-ci ilin dekabrında tanış eləmişdir. Nəzakət xanım boşandıqdan sonra 80000 manat pulu yatırım etmək istədiyindən o, iddiaçını Nəriman müəllimlə tanış etmiş və Nəzakət xanım 70000 manat pulu aylıq 1500 manat faiz ödənilmək şərtilə 2018ci ilin axırınadək Nəriman müəllimə notariat kontorunda borc müqaviləsi bağlanmaqla vermişdir. May ayının axırında Nəzakət xanım özünə yeni ev almaq istədiyindən Nəriman müəllimə zəng edərək pulunu istəmişdir. İyun ayında Şəhrizad restoranında Nəriman müəllim onun iştirakı ilə Nəzakət xanıma 40000 manat pul ödəmişdir. İyun ayına qədər isə o, hər ay ayın səkkizi Nəzakət xanıma Nəriman müəllimin ona verdiyi 1500 manat faiz pulunu vermişdir. 2018-ci ilin oktyabrın 18-i Nəriman müəllim ona zəng edərək iddiaçıya olan borcu tam bağladığını söyləmişdir. O da, Nəzakət xanıma zəng etmiş və o da, borcun bağlandığını təsdiqmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtiylə 70000 manat məbləğində pulu borca vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında borc müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtiylə 70000 manat məbləğində pulu borca vermişdir. Cavabdeh iddiaçıdan aldığı pulu xx.xx.2018-ci il tarixədək qaytaracağına dair öhdəlik götürsə də, həmin tarixədək aldığı borc məbləğini geri qaytarmamışdır. Məhkəmə iclasında həmçinin tərəflərin etiraf edici izahatları ilə cavabdehin iddiaçıya olan borcundan 2000 manat məbləğində ödəniş etdiyi, cavabdehin hal-hazırda iddiaçıya 68000 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Cavabdeh iddia tələbinə etirazını iddiaçıya olan borcunu müxtəlif vaxtlarda və müxtəlif şəxslər vasitəsi ilə ödəməsi və bu ödəniş barədə iddiaçıdan qəbz alması ilə əsaslandırsa da, bu halları sübut edəcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş Sevinc Dadaşovanın verdiyi izahata tənqidi yanaşaraq qeyd edir ki, şahidin verdiyi izahat inandırıcı deyildir və həmin qeyd edilmiş hallar iş materialları və işin halları ilə təkzib edilmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 68000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi xx.xx.2018-ci il tarixdək qüvvədə olduğundan və hal-hazırda həmin müqavilənin qüvvədə olma tarixi artıq bitdiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış 5 faiz məbləğinin tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 68000 (altmış səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 50 faizi, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 68000 (altmış səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50 faizi, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar