Məhkəmə qərarları › İş №2(004)-5361/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5361/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5361/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 13.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 22.07.2015-ci il tarixli, 25-15-11-031282 saylı kredit müqaviləsi üzrə 93,80 ABŞ dolları əsas, 208,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 301,82 ABŞ dolları borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 10.09.2021-ci il tarixdə iddia müddətinin tədbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22.07.2015-ci il tarixli, 25- 15-11-031282 saylı kredit müqaviləsi üzrə cavabdehə şəxsi istehlak məqsədləri ilə illik 26% dərəcəsi ilə, 18 ay müddətinə 952 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə rəsmi müraciət olunmasına baxmayaraq cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Hazırda müqavilə üzrə cavabdehin 93,80 ABŞ dolları əsas, 208,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 301,82 ABŞ dolları borcu vardır. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Suala cavab olaraq bildirir ki, müqavilənin müddəti 2017-ci ildə bitmişdir və sonuncu ödəniş 2017-ci ildə olunmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Prezidentin fərmanına əsasən iddiaçı tərəf onları çağırıb, 2019-cu ilin sonuna qədər yeni müqavilə bağlamalı idi. Onlar ölkədə ola-ola onları çağırmayıblar. Həmçinin portalda onların ödənişi manatla göstərilir. Halbuki, dollarla ödəniş edənlərdə dollarla göstərilir. İddianın rədd edilməsini xahiş edir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarında olan iddiaçının istinad etdiyi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22.07.2015-ci il tarixli, 27-15-11-031282 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 18 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 952 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə faizləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.06.2021-ci il tarixli 21-557 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 22.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 22.01.2017-ci il tarixə 93,80 ABŞ dolları əsas, 208,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 301,82 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-31/2019 saylı, 03.09.2019-cu il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17.01.2018-ci il tarixli, 2(004)-291/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin 24.09.2021-ci il tarixli məktubuna əsasən İddiaçı ASC tərəfindən AR Prezidentinin 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması üçün Cavabdeh bir neçə dəfə və sonuncu dəfə 21.11.2019-cu il tarixdə ***-***-**-** nömrəyə SMS bildiriş göndərilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc tam ödənilməmişdir. Lakin cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə 22.07.2015-ci ildə 18 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti 22.01.2017-ci ildə bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə dörd il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı 22.07.2015-ci il tarixli, 25-15-11-031282 saylı kredit müqaviləsi üzrə 93,80 ABŞ dolları əsas, 208,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 301,82 (üç yüz bir ABŞ dolları səksən iki sent) ABŞ dolları borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar