Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-539/2022 30.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26.12.2019-cu il tarixli 029A********** saylı kredit müqaviləsinin, 01.05.2020-ci il tarixli 029A**********S saylı sazişin, 09.10.2020-ci il tarixli 029A**********SA saylı sazişin ləğv edilməsi; 10742,37 manat əsas, 1131 manat faiz, 2657,4 manat cərimə, cəmi 14530,77 manat borcun və 133,593 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 1,4167 faizlə 12000 manat məbləğində kredit vəsaiti verilmişdir. Tərəflərin imzaladıqları müvafiq sazişlərlə müqaviləyə və ödəniş planına dəyişikliklər olmuşdur. Cavabdeh həmin kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər və cərimə qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, o, 01.02.2021-ci il tarixdən iş yerinin ləğv olunması ilə əlaqədar krediti ödəyə bilməmişdir. Müqavilənin şərtlərinə əsasən kredit alan 2 ay müddətində krediti ödəmədikdə bank məhkəməyə müraciət etməlidir. Lakin iddiaçı faizlərin və cərimənin məbləğinin süni artırılması məqsədi ilə 30.11.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın qismən təmin edilməsi - 1 aprel 2021-ci il tarixdən sonra hesablanmış faiz tələbinin və ümumiyyətlə cərimə tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, iddia kredit müqaviəsi üzrə əsas və faiz borcunun ödənilməsi hissəsində təmin olunmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində kredit verən müqavilə şərtinə əsasən 2657,4 manat məbləğində cərimə pulu hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun götürülmüş kreditə münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 751,96 manat məbləğində müəyyən olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia kredit müqaviləsinin və sazişlərin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün 116 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 26.12.2019-cu il tarixli 029A********** saylı kredit müqaviləsi, 01.05.2020-ci il tarixli 029A**********S saylı saziş və 09.10.2020-ci il tarixli 029A**********SA saylı saziş ləğv edilsin. Cavabdeh 10742,37 manat əsas, 1131 manat faiz, 751,96 manat cərimə, cəmi 12625,33 manat borc (on iki min altı yüz iyirmi beş manat otuz üç qəpik) manat borc və 116 (yüz on altı) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-539/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-539/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver