Məhkəmə qərarları › İş №2(004)-540/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-540/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-540/2024 24.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3, İddiaçının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 13957,66 manat əsas borc, 1397,85 manat faiz borcu və 217,02 manat cərimə borcu olmaqla, cəmi 15572,53 manat borcun, 205 manat ödənilmiş mediasiya ödənişinin və 136,72 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən X2 İddiaçı ASC-nin “Nərimanov” filialından 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən X4 İddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin iyulun 13dək X1 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 13957.66 manat əsas borc, 1397.85 manat faiz borcu və 868.07 manat cərimə borcu olmaqla cəmi 16223.58 manat borcu vardır, tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 868.07 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 217.02 manat məbləğində tələb olunur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-2383/2023 saylı qərardadı ilə X4 xx.xx.2023-cü il tarixdə vəfat etməsi səbəbindən və digər cavabdehlər olan zaminlərdən Cavabdeh1- ünvan 1 ünvanında, digər zamin Cavabdeh2 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaları əsası ilə icraata qəbulundan imtina edilərək geri qaytarılmışdır. Belə olan halda borc məbləği zaminlərdən tələb olunması zərurəti yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Daha sonra İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 13957,66 manat əsas borc, 1397,85 manat faiz borcu və 217,02 manat cərimə borcu olmaqla, cəmi 15572,53 manat borcun və 136,72 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tənmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə X4 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən İddiaçı ASC tərəfindən X2 120 ay müddətinə ******* manatlıq kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə X4 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmadan görünür ki, İddiaçı ASC tərəfindən X2 24 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/11685/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin, İddiaçı ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MCR-1-1278-21 nömrəli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/11686/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin, İddiaçı ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MCR-1-1278-21 nömrəli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 banka xx.xx.2023-cü il tarixinə 13957,66 manat əsas borc, 239,67 manat faiz borcu və 868,07 manat cərimə borcu vardır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 banka xx.xx.2023-cü il tarixinə 13957,66 manat əsas borcu, 239,67 manat faiz borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2, Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca və vaxtında icra edilməyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Qeyd edilənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 5 (beş) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 136,72 (yüz otuz altı manat yetmiş iki qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MCR-1-1278-21/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı X2 24 ay müddətinə, illik 20 % dərəcəsi ilə 30000 manat məbləğində kredit vermiş, kredit alan X4 isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər xx.xx.2021ci il tarixli, 22-MCR-1-1278-21/1 nömrəli kredit öhdəliklərin icrası üçün kredit alan X4 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdələrinə götürmüşlər. Nizami Mirzəyev xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı hazırda X1 həmin müqavilə üzrə 13957,66 manat əsas borc, 1397,85 manat faiz borcu və 217,02 manat cərimə borcu olmaqla, cəmi 15572,53 manat məbləğində borcun yaradığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X1 banka xx.xx.2023-cü il tarixinə, yəni borclu X1 vəfat etdiyi tarixə 13957,66 manat əsas borc, 239,67 manat faiz borcu vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2021-ci il tarixli, Z/11686/21 nömrəli və xx.xx.2021-ci il tarixli, Z/11686/21 nömrəli zaminlik müqavilələri ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zaminlər borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu və dəbbə pulunu ödəməyi öz öhdələrinə götürmüşlər. Məhkəmə bildirir ki, vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Xarici ölkələrin qanunvericiliyinə nəzər yetirdikdə, əksər ölkələrdə məhz bu yanaşmanın qəbul edildiyini görmək olar. Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinə əsasən, əsas borclu öldükdə, zamin borclunun vərəsəsinin məhdud öhdəlik daşımasına istinad edə bilməz (Mülki Qanunnamənin 768.1-ci maddəsi). Rusiya Federasiyasının Mülki Məcəlləsinə əsasən, borclunun ölümü, borclu hüquqi şəxsin yenidən təşkili zaminliyin xitamına səbəb olmur (Mülki Məcəllənin 367-ci maddəsinin 4-cü hissəsi). Məhkəmə hesab edir ki, yaranmış borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borclunun vəfat etdiyi tarixə olan arayış əsas götürülməklə, 13957,66 (on üç min doqquz yüz əlli yeddi manat altmış altı qəpik) manat əsas borc, 239,67 (iki yüz otuz doqquz manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 14196,66 (on dörd min yüz doxsan altı manat altmış altı qəpik ) manat məbləğində borc tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mərkəzi X8 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş 136,72 (yüz otuz altı manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun 132,59 (yüz otuz iki manat əlli doqquz qəpik) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 13957,66 (on üç min doqquz yüz əlli yeddi manat altmış altı qəpik) manat əsas borc, 239,67 (iki yüz otuz doqquz manat altmış yeddi qəpik) manat faiz borcu, cəmi 14196,66 (on dörd min yüz doxsan altı manat altmış altı qəpik ) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 136,72 (yüz otuz altı manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun 132,59 (yüz otuz iki manat əlli doqquz qəpik) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar