Məhkəmə qərarları › İş №2(004)-5407/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5407/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5407/2020 23.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixli, 01335 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 3593.37 manat məbləğində əsas borc, 236.63 manat məbləğində vaxtı keçmiş əsas borc, 189.19 manat hesablanmış adi fazilər üzrə borc, 10.25 manat məbləğində isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 4029.44 manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun, ümumilikdə 4059.44 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə İddiaçı BOKT MMC arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, 01335 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 25 ay müddətinə qaytarılmaq şərtilə faiz dərəcəsi 26 % olmaqla 3830 manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında xx xxxx 2020-ci il tarixli, 01335/ZM saylı Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə ödəməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri xx.xx.2020-ci il tarixədək həyata keçirmiş və həmin tarixdən bu günədək müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməkdədir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqailəsinin 2.2.1-ci bəndinə əsasən Borc alanın Borc verən qarşısında Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməsinə görə tam həcmdə — kredit məbləğinin və onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülki-hüquqi) sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və Borc alanın Borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Borc verənə dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla - Borc alanla birgə məsuliyyət daşıyır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixə Kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə 3593.37 manat məbləğində əsas borc, 236.63 manat məbləğində vaxtı keçmiş əsas borc, 189.19 manat məbləği hesablanmış adi faizlər üzrə borc, 10.25 (on manat 25 qəpik) manat məbləğində isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 4029.44 manat məbləğində borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 01335 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 25 ay müddətinə illik 26% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3830 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 01335/ZM saylı, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 01335 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcu ödəməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 01335 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə xx.xx.2020-ci il tarixə 3593.37 manat məbləğində əsas borcu, 236.63 manat məbləğində vaxtı keçmiş əsas borcu, 189.19 manat məbləğində hesablanmış adi faizlər üzrə borcu, 10.25 manat məbləğində isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faziləri, cəmi 4029.44 manat borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas və faiz borcu cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliklərə görə borclu Cavabdeh1 ilə eyni məsuliyyəti daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz, cərimə borcunun tutulması hissələrində qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3593,37 manat əsas, 236,63 manat vaxtı keçmiş əsas borc, 189,19 manat faiz borcu, 10,25 manat keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 4029,44 manat tutularaq iddiaçı ”Expressbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh1 3593,37 (üç min beş yüz doxsan üç manat otuz yeddi qəpik) manat əsas, 236,63 (iki yüz otuz altı manat altmış üç qəpik) manat vaxtı keçmiş əsas borc, 189,19 (yüz səksən doqquz manat on doqquz qəpik) manat faiz borcu, 10,25 (on manat iyirmi beş qəpik) manat keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 4029,44 (dörd min iyirmi doqquz manat qırx dörd qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı X2 X1 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar