Məhkəmə qərarları › İş №2(004)-5409/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5409/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5409/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 53,04 manat əsas, 15,60 manat faiz, cəmi 68,64 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 22.06.2018-ci il tarixdə 633nkİNSH/18 saylı kredit və bank hesabı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən 24 ay müddətinə, illik faiz dərəcəsi 28 faiz olmaq şərtilə borcalana 1050 manat məbləğində kredit xətti ayırır və ona ssuda hesabı açır, borcalan isə öz növbəsində kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh sonuncu ay 51,68 manat olmaqla, 24 ay müddətinə hər ay 58 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.08.2021-ci il tarixli maliyyə arayışına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin 53,04 manat əsas, 15,60 manat faiz, cəmi 68,64 manat borcu vardır. "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı 16.06.2021-ci il tarixli xəbərdarlıq bildirişinə əsasən müyyən edilmişdir ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 22.06.2018-ci il tarixli 633nkİNSH/18 saylı kredit müqaviləsi üzrə 53,04 manat əsas, 15,60 manat faiz, cəmi 68,64 manat borc və 20 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda cavabdeh borcunu tam ödəməyərək öhdəliklərini qismən yerinə yetirmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 53,04 manat əsas, 15,60 manat faiz, cəmi 68,64 manat borc və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar