Məhkəmə qərarları › İş №2(004)-5448/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5448/2021

30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5448/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azəriqaz” İB-in Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə 19.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi zərərə görə 1685,8 manat, hüquqi xidmət göstöərilməsi üçün ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, ümumilikdə 2015,8 manat məbləğində pulun tutularaq “Azəriqaz” İB-nin (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İB-in nümayəndəsi Vəkil izahat verərək bildirir ki, X1 ilə abonent Cavabdeh arasında 03.06.2020-ci il tarixdə 14/3245 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********03830 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 03.06.2020-ci il tarixdə Natek Enerji markalı, G-4 Mexanika tipli, 40013176 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia əsassızdır. Məbləğlə razı deyil. Həmin ünvan bağ sahəsidir. Onlar bağda yaşamamış, orada mühafizəçi yaşamışdır. Ayda bir, ya iki dəfə bağa gedərək, mühafizəçinin pulunu vermişdir. Sonra mühafizəçi rəhmətə getmiş, o, bağa gəldikdə bir nəfər yaxınlaşaraq qazdan oğurluq edildiyini bildirmişfir. O isə xəbərinin olmadığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, oradan xətt götürüb, ikigözlü qaza qoşmuşlar. Mühafizəçi rəhmətə gedəndən sonra bağda özü yaşamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Paylayıcı” qismində “Azəriqaz” İB ilə Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə 03.06.2020-ci il tarixli, 14/3245 saylı müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2020-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamışdır. Hesablama nəticəsində 16704 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş 30.05.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh qızına 30.05.2020-ci il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 16704 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş materiallarında olan “X2” MMC ilə “Mirzayev and X3” MMC arasında bağlanmış cəmiyyətlər arasında alyans yaradılmasına dair 01.05.2019-cu il tarixli müqaviləyə əsasən tərəflər AR Dövlət Neft Şirkəti tərəfindən hüquqi xidmətlərin göstərilməsi haqqında “X2” MMC ilə bağlanmış 01.07.2008-ci il tarixli, Hİ-163a nömrəli müqaviləyə uyğun olaraq hüquqi xidmətlərin göstərilməsində birgə iştirak etmək məqsədilə “X2” MMC ilə “Mirzayev and X3” MMC alyansın yaradılması haqqında razılığa gəlmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə üzrə təklif edilən qiymətlər partnyor üçün 130 manat/saat, böyük hüquqşünas üçün 100 manat/saat, hüquqşünas üçün 80 manat/saat və hüquqşünas köməkçisi üçün 40 manat/saat müəyyən edilməklə qiymətlər razılaşma protokoluna əsasən hesablanacaqdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «Azəriqaz» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış 03.06.2021-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının əməkdaşları tərəfindən “Azəriqaz” İB-nin balansında və istismarında olan küçə qaz xətlərinə, həmçinin cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qanunsuz istifadə olunması aşkar edilmişdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün akt tərtib edilmişdir. Həmin akt əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 30.05.2020-ci il tarixli, ******* saylı akt əsasında 90 gün ərzində 16704 m3 dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarıldığı hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bununla belə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. Lakin istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilməli olduğu halda, hazırki iş üzrə 90 gün ərzində dəymiş ziyan hesablandığından cavabdehdən yalnız bir ay üçün hesablanmış ziyanın əvəzi tutula bilər. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadəyə görə 556,8 manat və hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 556,8 manat pulun tutulması hissəsində əsaslı hesab olunduğundan, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 556,8 manat, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, ümumilikdə isə 686,8 (altı yüz səksən altı manat səksən qəpik) manat məbləğində pul “Azəriqaz” İB-nin xeyrinə tutularaq (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar