Məhkəmə qərarları › İş №2(004)-5523/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5523/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5523/2021 04.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 184,25 manat əsas, 495,05 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 31,74 manat faiz borcu olmaqla, ümumilikdə 711,04 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan "DəmirBank” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, 19.08.2015-ci il tarixli, ******* saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh “DəmirBank" ASC tərəfindən 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 12.07.2021-ci il tarixədək Cavabdeh ləğv prosesində olan “DəmirBank" ASC-yə 184,25 manat əsas, 495,05 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 31,74 manat faiz olmaqla, ümumilikdə 711,04 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.08.2015-ci il tarixli, ******* saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən, bank – İddiaçı ASC tərəfindən müştəriyə – Cavabdeh 36 ay müddətinə 800 Manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş 23.07.2021-ci il tarixli, **********287 saylı maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.08.2015-ci il tarixli, ******* saylı nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 12.07.2021-ci il tarixə 184,25 manat əsas, 495,05 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 31,74 manat faiz olmaqla, ümumilikdə 711,04 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, borclu isə öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 184,25 manat əsas borc və gecikmə faizi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi 225,99 manatın tutulması hissədə təmin edildiyindən ödənilmiş tələbin məbləğinə uyğun olaraq 15 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manat isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 184,25 manat əsas, 10 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 31,74 manat faiz borcu olmaqla, ümumilikdə 225,99 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 184,25 manat əsas, 10 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 31,74 manat faiz borcu olmaqla, ümumilikdə 225,99 (iki yüz iyirmi beş manat doxsan doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar