Məhkəmə qərarları › İş №2(004)-5524/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5524/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5524/2021 08.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəlil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8594,2 ABŞ dolları əsas, 11146,03 ABŞ dolları faiz, 14844,11 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1292,34 ABŞ dolları faiz, cəmi 35876,68 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.09.2014-cü il tarixdə tərəflər arasında bağlanmış müqaviləyə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə illik 27 faizlə 10200 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, müqaviləyə əsasən kreditin ödənilməsinin son müddəti 03 mart 2016-cı il tarixli olmuşdur. Bu müddət ödəniş cədvəlində öz əksini tapmışdır. Təmsil etdiyi şəxs banka olan borcunu mütəmadi ödəmişdir. 2015-ci ildə ABŞ dolları bahalaşdıqda, ödənişdə müvəqqəti problemlər yaranmış. Aralarındakı razılığa əsasən borc əvvəlki məzənnə ilə ödənilmişdir. Sonradan bank ondan hər hansı məbləğ tələb etməmişdir. Müqavilə üzrə icra müddəti bitdiyindən iddia müddəti də ötürülmüşdür. İcra müddəti 03.03.2016-cı il tarixdə bitdiyinə görə (icra müddəti müəyyən olunmuş öhdəlik) iddia müddətinin axımı da həmin gündən başlayır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, kreditin icrası müddəti 03.03.2016-cı il tarixdə bitmiş, yəni kreditin qaytarılmasının son günü 03.03.2016cı il tarixi olmuş, lakin həmin tarixədək kredit qaytarılmamış və iddiaçı bank hüquqlarının həmin tarixdən pozulduğunu bildiyi halda həmin tarixdən üç il müddətində məhkəməyə müraciət etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 5 il yarım ötdükdən sonra, yəni 19.08.2021-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq Qət etdi: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar