Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5554/2021 02.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1800 manat əsas, 126,38 manat faiz, cəmi 1926,38 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01.12.2019-cu il tarixli borc müqaviləsinə əsasən cavabdehin iddiaçıya 3100 manat borcu vardır. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh borc məbləğini 01.10.2020-ci il tarixədək qaytarmalı idi. Borcdan hissəvi ödənişlər edilmişdir. Hazırda cavabdehin 1800 manat borcu qalmaqdadır. Cavabdehə pulun qaytarılması ilə bağlı xəbərdarlıq edilsə də, bu günə qədər cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı cavabdehə 01 oktyabr 2020-ci il tarixədək qaytarmaq şərti ilə 3100 manat məbləğində borc vermişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış borc müqaviləsinə əsasən onlar arasında yaranmış öhdəliklərdən iddiaçı ona aid olan hissəsini yerinə yetirərək müqavilənin predmeti olan 3100 manat pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə razılaşdırılmış müddətdə həmin məbləği iddiaçıya qaytarmamış və bununla da, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə Mülki Məcəllənin 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla, onların həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin icrası ücün müəyyənləsdirilmiş müddətdə icra edilməməyi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı 3100 manat məbləğində pul vəsaitini razılaşdırılmış müddətdə və tam şəkildə qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün qalan borc cavabdehdən tutularaq İddiaçı verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia faiz borcu tələbi hissəsində qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1. -ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2. -ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 439.3. -ci maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Məhkəmə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsinin 6,25% olmasını nəzərə alaraq borcun qaytarılmalı olduğu 01 oktyabr 2020-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək olan 300 gün üçün (1800 x ( 6,25% + 2%) : 365 gün) x 300 gün = 125,75 manat faiz tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 29,85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1800 manat əsas, 125,75 manat faiz, cəmi 1925,75 (min doqquz yüz iyirmi beş manat yetmiş beş qəpik) manat borc və 29,85 (iyirmi doqquz manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5554/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5554/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver