Məhkəmə qərarları › İş №2(004)-559/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-559/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-559/2021 06.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “mənəvi zərər və pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən “xxxx” ASC-dən 5425 manat sığorta ödənişi, 500 manat mənəvi zərər və hüququ xidmətə görə 150 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, "Mercedes-Benz GL" markalı, 10-HH- 900 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindədir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar digər yol-nəqliyyat hadisəsinin iştirakçısı “xxxx” ASC tərəfindən sığorta olunmuş “Daewoo Nexia” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə “İnzibati xəta haqqında” İXP ******* nömrəli protokol tərtib edilmiş, həmin tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarla 40 manat məbləğində cərimə edilmişdir. “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” xx.xx.2020-ci il tarixli, elektron arayış və əlavəsindən görünür ki, qəza nəticəsində avtomobilin arxa hissəsi əzilmişdir. “Avtoservis 888" servisi tərəfindən aparılmış qiymətləndirmə ilə sığortalı avtomobilə dəymiş zərərin 5425 manat olması müəyyən edilmişdir. Sığorta ödənişinin verilməsi barədə iddiaçı tərəfindən cavabdeh “xxxx” ASC-yə dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, cavabdehin eyni məzmunlu xx xxxx 2020-ci il tarixli 06089 saylı məktubu ilə sığorta ödənişi verilməsindən imtina edilmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, sığorta haqqı məbləği 1828 manat məbləğində müəyyən olunmuşdur. Hesab edir ki, sığorta ödənişinin verilməsindən imtina üçün cavabdehin istinad etdiyi dəlillər həqiqətə uyğun olmadığından, iddia ərizəsinə əlavə edilən sübutlarla təkzib edildiyindən tamamilə əsassız olmuşdur. İddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayışın surətinə əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində “Daewoo Nexia” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 təqsirli olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli protokola əsasən X3 xx.xx.2020-ci il tarixdə “Daewoo Nexia” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2020-ci il tarixdə, saat 12:00-da Suraxanı rayon DYPŞ ərazisində “Daewoo Nexia” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan “Adiloğlu” avto servis tərəfinfən verilmiş xx.xx.2020-ci il tarixli ilkin qiymətləndirməyə əsasən “Mercedes Benz” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 5395 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən “Mercedes Benz” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 5425 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, 0689 nömrəli məktubuna əsasən “xxxx” ASC xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı İddiaçı mülkiyyətində olan “Mercedes Benz” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 1828 manat məbləğində zərəri ödəməyi qəbul edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 9/5208 saylı ekspert rəyinə əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz GL” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5225 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, 15 saylı vəkil bürosuna 160 manat ödəniş olunmuşdur. İşin müəyyən edilmiş halları odur ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymiş və cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya ödəniş olunmamışdır. Keçirilmiş ekspertizanın nəticəsinə görə dəyən ziyan 5225 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh “İcbari Sığorta” mqaviləsinə əsasən 5000 manat civarında məsuliyyət daşıdığından, 5000 manat məbləğdə pul “xxxx” ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz Məhkəmə iddianı mənəvi zərərin hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etsə də cavabdehin hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi iş materialları ilə sübut olunmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddianın verilməsi üçün tələb olunan hüquqi yardım üçün 100 manat məbləğində ödəniş edilməsi ağlabatandır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” ASCdən 5000 (beş min) manat sığorta ödənişi, hüququ xidmətə görə 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən 5000 (beş min) manat sığorta ödənişi, hüququ xidmətə görə 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci hesabına “xxxx” ASC-dən 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar