Məhkəmə qərarları › İş №2(004)-5617/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5617/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5617/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "X4" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 8159,22 manat əsas borc, 59,77 manat faiz borcu olmaqla, cəmi 8218,99 (səkkiz min iki yüz on səkkiz manat, doxsan doqquz qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini, pandemiya ilə əlaqədar olaraq işləyə bilmədiyindən ödənişləri etmədiyini bildirmiş və borcun hissəhissə ödənilməi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 26 avqust 2019-cu il tarixli FR/96112/70 saylı güzəştli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank kredit alana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 (beş) il müddətinə illik 1% dərəcəsi ilə, 8191,25 manat məbləğində kredit verir, kredit alan isə bu müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən nağd və köçürmə yolu ilə banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 12 ay güzəşt müddəti tətbiq edilməklə 26.09.2019-cu il tarixdən 26.08.2020-ci il tarixədək yalnız faiz borcunu, 26.09.2020-ci il tarixdən 26.08.2024-cü il tarixədək sonuncu ay 174,33 manat olmaqla,hər ay 174,16 manat məbləğində pul ödəməlidir. İş materiallarında olan 26.08.2019-cu il tarixli MXD-FR96112A70C-1 №-li ödəniş tapşırığına əsasən Cavabdeh 8191,25 manat krediti bankdan almışdır. İş materiallarında olan 02.03.2021-ci il tarixli bildirişə əsasən iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 16.08.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26.08.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehin X4 ASC-yə 8159,22 manat əsas, 59,77 manat faiz borcu vardır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə, tələb olunan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəlllənin 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh ilə bağlanılmış kredit müqaviləsi ləğv edilsin və Cavabdeh 8159,22 manat əsas borc, 59,77 manat faiz borcu olmaqla, cəmi 8218,99 (səkkiz min iki yüz on səkkiz manat, doxsan doqquz qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar