Məhkəmə qərarları › İş №2(004)-5621/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5621/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5621/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Nıyaz qızı ilə aralarında bağlanmış 05.09.2019-cu il tarixli, FR/14753/71 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X1 və Cavabdeh2 5397,83 manat əsas borc, 1,65 manat faiz borcu olmaqla, cəmi 5399,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmdırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 05.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1% olmaqla 5661,31 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli’’nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 Nıyaz qızı ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borcluya aid bütün öhdəlikləri icra etməlidir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir.. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh1 Nıyaz qızı ilə İddiaçı ASC arasında bağlanılmış 05.09.2019-cu il tarixli, FR/14753/71 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 1 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 5661,31 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 05.09.2019-cu il tarixli, Z- FR/14753/71 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdür. İş materiallarına əlavə edilmiş 15.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Nıyaz qızının banka borcu 5397,83 manat əsas borc, 1,65 manat faiz borcu olmaqla, cəmi 5399,48 manat təşkil edir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, cavabdehlərdən 5397,83 manat əsas borc, 1,65 manat faiz borcu olmaqla, cəmi 5399,48 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 Nıyaz qızı arasında bağlanmış 05.09.2019-cu il tarixli, FR/14753/71 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər X1 və Cavabdeh2 5397,83 manat əsas borc, 1,65 manat faiz borcu olmaqla, cəmi 5399,48 (beş min üç yüz doxsan doqquz manat 48 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar