Məhkəmə qərarları › İş №2(004)-5638/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5638/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5638/2020 26.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan “xxxx” ASCnin xeyrinə 1303 ABŞ dolları məbləğində əsas, 99 ABŞ dolları məbləğində faiz borcu, 295 ABŞ dolları məbləğində cərimə borcu, 24 ABŞ dolları gecikmə faizi olmaqla, ümumilikdə 1721 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 18,76% ödənilmək şərtilə 5550 manat məbləğində kredit vəsaiti verilmişdir. “xxxx” ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Buradan müəyyən olunur ki, cavabdehlər bank qarşısında birlikdə məsuliyyət daşıyırlar. İddiaçı ləğv prosesində olan “xxxx” ASC öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, nəticədə 1303 ABŞ dolları məbləğində əsas, 99 ABŞ dolları məbləğində faiz borcu, 295 ABŞ dolları məbləğində cərimə borcu, 24 ABŞ dolları gecikmə faizi olmaqla, ümumilikdə 1721 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, məhkəməyə gəlməmişlər və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 129.LN.1604.160517.00001 saylı kredit müqaviləsinə əsasən bank borcalana kredit xərcləri məqsədləri üçün 36 ay müddətinə illik 18,76% ödəmək şərtilə 5550 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 129.CL.160517.00001/a saylı zaminlik müqaviləsindən görünür ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin xx.xx.2017-ci il tarixli, 129.LN.1604.160517.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ləğv prosesində olan “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixli, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinədək 1303 ABŞ dolları məbləğində əsas, 99 ABŞ dolları məbləğində faiz borcu, 295 ABŞ dolları məbləğində cərimə borcu, 24 ABŞ dolları gecikmə faizi olmaqla, cəmi 1721 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqavilələrə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iddianı əsas və faiz borcunun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə, o cümlədən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 295 manat məbləğində deyil, 65 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1303 ABŞ dolları məbləğində əsas, 99 ABŞ dolları məbləğində faiz borcu, 65 ABŞ dolları məbləğində cərimə borcu, 24 ABŞ dolları gecikmə faizi olmaqla, ümumilikdə 1491 (bir min dörd yüz doxsan bir) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1303 ABŞ dolları məbləğində əsas, 99 ABŞ dolları məbləğində faiz borcu, 65 ABŞ dolları məbləğində cərimə borcu, 24 ABŞ dolları gecikmə faizi olmaqla, ümumilikdə 1491 (bir min dörd yüz doxsan bir) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar