Məhkəmə qərarları › İş №2(004)-5658/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5658/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5658/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 6669,12 manat əsas, 0,19 manat faiz borcunun, cəmi 6669,31 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasınnı keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07.11.2019-cu il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, bank tərəfindən cavabdehə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə, illik 1% olmaqla 6969,77 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh ilk 12 ay güzəşt tətbiq edilməklə, sonuncu ay 147,93 manat olmaqla, hər ay 148,19 manat olmaqla cəmi 7182,98 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.11.2019-cu il tarixli ödəniş tapşırıqlarına əsasən müəyyən olunur ki, Cavabdeh 6501 manat və 468,77 manat məbləğində pulu Bank of Bakudan almışdır. İş materiallarında olan 19.08.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, 07.11.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehin banka 6669,12 manat əsas, 0,19 manat faiz borcu olmaqla, cəmi 6669,31 manat borcu vardır. İş materiallarında olan 02.03.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasn müəyyən olunur ki, bank tərəfindən iddiaşıya borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə, tələb olunan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh ilə bağlanılmış kredit müqaviləsi ləğv edilsin və Cavabdeh 6669,12 manat əsas borc, 0,19 manat faiz borcu olmaqla, cəmi 6669,31 (altı min altı yüz altmış doqquz manat, otuz bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar