Məhkəmə qərarları › İş №2(004)-5670/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5670/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5670/2022 22.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “bağlanmış müqavilələr üzrə borc məbləğinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “bağlanmış müqavilələr üzrə borc məbləğinin mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan tələb olunan borcun miqdarını dəqiqləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının maddələrinin yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ASC arasında bağlanan xx.xx.2014-cü il tarixli, 6-Z-4-0-1144-14 saylı kredit müqaviləsinə əsasən 7.500 manat məbləğində illik 28% olmaqla 36 ay müddətinə kredit verilmişdir. Öhdəliyini tam yerinə yetirmişdi. Bir ildən çox hər ay həm əsas borc, həm də faizi borclarını qrafik cədvəlinəə uyğun ödəmişdir. Bankdan ona bildirilmişdir ki, əgər lazımdırsa əlavə istehlak krediti verə bilərlər. Uzun illər müştərisi olduğu bankın işçilərinin sözünə inanıb razılaşmışdır. Ona əlavə faizlər hesablanmış, lakin dedikləri məbləği uzada-uzada verməmişlər. Nəhayət iş məhkəmə müstəvisinə çıxarılmışdır. Bank tərəfindən borcunun məbləği düzgün açıqlanmır. Hər dəfə müxtəlif rəqəmlərlə ona qarşı məhkəmədə iddia tələbi qaldırırlar. O, öz tərəfindən qalıq borcun dəqiqləşdirilməsi üçün məhkəmədən ekspertiza keçirilməsini xahiş etmişdir. Ekspertiza iki dəfə keçirilmişdir. Biri 21 yanvar 2019-cu ildə, o biri isə 09 oktyabr 2019-cu il tarixdə. Birinci ekspertiza borcun 5.522,63 manat olduğunu qeyd etmişdir. İkinci ekspertin nəticəsi isə borcun 3.303,84 manat olduğu qeyd edilmişdi. İşə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2019-cu ildə baxılarkən borcun məbləği ilə bağlı çoxsaylı ziddiyyətlər, müxtəlif rəylər olduğundan ərizə baxılmamış saxlanılmışdır. Rəqəmlər arasında belə kəskin fərqini olmasının səbəbi hesab edir ki, Bankın ona qarşı qərəzli olmasıdır. Mübahisənin bir hissəsi də ondan ibarətdir ki, həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmişdir. Hazırki mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Hazırki iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. Fərmanın 6.2-ci bəndində qeyd edilir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağıllmasını təmin edən tədbirlər görsünlər. Fərmana əsasən fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Bank hətta Prezidentin Fərmanına da məhəl qoymayaraq heç br iddia ərizəsində bu barədə bir kəlmə də yazmamış, heç bir faiz borcunu silməmiş, heç bir güzəşt etməmiş,15 İyul 2020-ci il tarixli, PAİİİTD-5261 nömrəli İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə 4848.08 manat borcun tutulması üçün müraciət etmişdir. Hesab edir ki, borc məbləğinin dəqiqləşdirilməsi üçün yeni ekspertiza keçirilməsi zəruridir. İddiaçı tərəfindən məhkəməyə daxil olmuş eyni məzmunlu iddia ərizələri üzrə qəbul edilmiş Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qərardadlarına əsasən tələbin qeyri-dəqiq olması və digər səbəblərə görə iddia ərizəsi geri qaytarılmış və iddiaçıya qanunvericiliyin tələbləri izah edilmişdir. Lakin iddiaçı məhkəmənin müvafiq qərardadlarına əhəmiyyət verməyərək eyni məzmunlu tələblərlə məhkəməyə iddia ərizələri vermişdir. Hazırki iddia ərizəsi isə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata götürülərək məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Ali Məhkəmənin qərarı ilə razılaşmadığını və məhkəmə tərəfindən qəbul edilmiş qətnamələrindən razı olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, ekspertiza rəyləri ilə də razı deyildir və Ali Məhkəmə tərəfindən işə baxılarkən ekspertiza təyin olunmamışdır. Odur ki, iddia tələbini müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə qanuni qüvvəyə minmiş məhkəmə aktlarını təqdim edib izahatında bildirdi ki, eyni tərəflər arasında eyni mübahisə predmetinə görə məhkəmə tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış aktlar vardır. Odur ki, bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(006)-4131/2020 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilərək cavabdehlər İddiaçı və X1 müştərək qaydada əsas borc üzrə 3.149,03 manat əsas, 1.184,78 manat faiz borcu, 127,32 manat cərimə, kredit müqaviləsi üzrə 08 aprel 2018-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 386,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4.848,08 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin ümumilikdə 4878.08 manat pul vəsaitinin tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(103)-2002/2021 saylı qətnaməsinə əsasən təmin edilməmiş və dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(103)- 2002/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5735/2021 saylı qərarına əsasən təmin edilməmiş və dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, yəni tərəflər arasındakı mübahisə məhkəmə tərəfindən artıq həll olunduğundan iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262.4, 262.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “bağlanmış müqavilələr üzrə borc məbləğinin mübahisələndirilməsi” tələbinə dair mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar