Məhkəmə qərarları › İş №2(004)-5683/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5683/2023

15.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5683/2023 15.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-856/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladı xx.xx.2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 190 (yüz doxsan) manat məbləğində alimentin 250 manata artırılması və ödənilmiş 50 (əlli) manat mediasiya xərclərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan AZ-İV № 089080 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2016-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, xx.xx.2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında qanunun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı tərəfindən alimentin 250 manat miqdarında müəyyən edilməsinə dair sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin qismən artırılmasını, yəni 220 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 250 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 250 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, öhdəlikləri və məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 115.0.9-ci maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Bu səbəbdən, tələb üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh aid edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mövcud iqtisadi şərtlər, yetkinlik yaşına çatmayan uşağın mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş 190 manat məbləğində aliment artırılmalı və hər ay 220 (iki yüz) manat olmaqla sabit pul məbləğində aliment və ödənilmiş 50 (əlli) manat mediasiya xərcləri Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 nömrəli qətnaməsi ilə qət edilmiş 190 manat məbləğində aliment artırılsın və hər ay 220 (iki yüz iyirmi ) manat olmaqla sabit pul məbləğində aliment və ödənilmiş 50 (əlli) manat mediasiya xərcləri Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar