Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5763/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat əsas məbləğ, hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat və mənəvi zərərin əvəzi olaraq 3000 manat olmaqla, cəmi 6667,25 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qarabağ Müharibəsi veteranıdır və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Borcun yaranması ilə bağlı bildirir ki, o, bağ evini təmir etmək məqsədilə usta kimi tanıdığı Cavabdeh əvvəlcədən guya material almaq üçün bir neçə dəfə olmaqla ümumilikdə 3500 manat məbləğində pul vermişdir. Lakin verdiyi pul müqabilində Cavabdeh heç bir iş görməmiş və nəticədə onu aldadaraq ona ziyan vurmuşdur. Cavabdehdən verdiyi pulu geri qaytarmasını tələb etsə də, o, bundan imtina edir. Bütün bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. O, uzun müddət cavabdehin arxasınca ora-bura getməkdən bezmiş və bütün bunlara görə xeyli miqdarda vəsait sərf etmişdir. Hesab edir ki, Cavabdeh ona 3000 manat mənəvi zərər vurmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh etiraf ərizəsi verərək İddiaçı 3500 manat məbləğində borcu olduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən İddiaçı tərəfindən 6 saylı vəkil bürosunun bank hesabına 150 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AR-İİ № 753407 nömrəli etibarnaməyə əsasən etibarnamənin qeydə alınması üçün 17,25 manat dövlət rüsumu tutulmuşdur. İşin halları odur ki, iddiaçı cavabdehə material almaq və digər işləri görmək üçün cəmi 3500 manat məbləğində pul vermişdir. Cavabdeh isə iddiaçı üçün razılaşdırılmış işləri görməməklə yanaşı həmin pulu da qaytarmamışdır. Hazırda iddiaçı cavabdehə verdiyi pulun, mənəvi zərərin və məhkəməyə müraciət etmək üçün çəkilmiş xərclərin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasında ərizə verərək 3500 manat hissədə iddianı etiraf etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehin etiraf ərizəsi ilə sübut olunduğundan qismən təmin edilməli, 3500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı eyni zamanda mənəvi zərərə görə 3000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İddiaçı həmçinin vəkilə çəkilən xərcin və etibarnamə üçün ödənilmiş rüsumun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın maddi ziyanın tutulması hissəsində təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin əvəzi olaraq 150 manat və etibarnamə üçün ödənilmiş 17,25 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdehdan 3500 (üç min beş yüz) manat əsas məbləğ, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (yüz əlli) manat və etibarnamə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdan 3500 (üç min beş yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (yüz əlli) manat və etibarnamə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 55 (əlli beş) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5763/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5763/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver