Məhkəmə qərarları › İş №2(004)-5777/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5777/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5777/2023 04.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 20% dərəcəsi ilə 36 ay müddətinə 5500 manat kredit verilmişdir. Kredit üzrə öhdəliyin icrasının təmini kimi İddiaçı ASC ilə digər Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli Əlava Sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin, sözügedən müqavilə üzrə cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3305,74 (üç min üç yüz beş manat yetmiş dörd qəpik) manat əsas, 376,28 (üç yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat faiz və 203,68 (iki yüz üç manat almışt səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3885,7 (üç min səkkiz yüz səksən beş manat yetmiş qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 58,86 (əlli səkkiz manat səksən altı qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 20% dərəcəsi ilə 36 ay müddətinə 5500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin Cavabdeh2 İddiaçı ASC qarşısında Cavabdeh1 illik 20% dərəcəsi ilə 36 ay müddətinə 5500 manat kredit verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas öhdəliyin təmini üsulu qismində İddiaçı ASC ilə zamin kimi hüquq münasibətlərinə daxil olmuşdur. İş materiallarına xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəli əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə 3305,74 (üç min üç yüz beş manat yetmiş dörd qəpik) manat əsas, 376,28 (üç yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat faiz və 203,68 (iki yüz üç manat almışt səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3885,7 (üç min səkkiz yüz səksən beş manat yetmiş qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı bildirişlərdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 20% dərəcəsi ilə 36 ay müddətinə 5500 manat kredit verilmişdir. Kredit üzrə öhdəliyin icrasının təmini kimi İddiaçı ASC ilə digər Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli Əlava Sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin, sözügedən müqavilə üzrə cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Nəticədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə 3305,74 (üç min üç yüz beş manat yetmiş dörd qəpik) manat əsas, 376,28 (üç yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat faiz və 203,68 (iki yüz üç manat almışt səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3885,7 (üç min səkkiz yüz səksən beş manat yetmiş qəpik) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (cərimə puluna münasibətdə), 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh1 və zamin Cavabdeh2 “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 462, 472, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zamin isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MM-in 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 58,86 (əlli səkkiz manat səksən altı qəpik) manat cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3305,74 (üç min üç yüz beş manat yetmiş dörd qəpik) manat əsas, 376,28 (üç yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat faiz və 203,68 (iki yüz üç manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3885,7 (üç min səkkiz yüz səksən beş manat yetmiş qəpik) manat pul və ödənilmiş 58,86 (əlli səkkiz manat səksən altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3305,74 (üç min üç yüz beş manat yetmiş dörd qəpik) manat əsas, 376,28 (üç yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat faiz və 203,68 (iki yüz üç manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3885,7 (üç min səkkiz yüz səksən beş manat yetmiş qəpik) manat pul və ödənilmiş 58,86 (əlli səkkiz manat səksən altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar