Məhkəmə qərarları › İş №2(004)-578/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-578/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-578/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “hesablanmış faiz borcunun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh MMC tərəfindən ona 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün hesablanmış faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış müqavilələrə əsasən o, qızıl-zinət əşyalarını Cavabdeh MMC-yə saxlanca qoymaqla 4495 manat pul götürmüşdür, bu barədə ona girov biletləri verilmişdir. O, aylıq ödənişləri vaxtında etmişdir. Ölkə ərazisində Covid-19 pandemiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejimi ilə bağlı 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün aylıq ödənişləri üzürlü səbəblərdən Cavabdeh MMC-yə ödəyə bilməmişdir. Cavabdeh təşkilata müraciət edərək onun qeyd edilən aylar üçün faizlərinin silinməsinin və yerdə qalan pulun ödənilməsinə razı olduğunu bildirsə də, cavabdeh ona bir ay vaxt vermişdir. 2020-ci ilin sentyabr ayında cavabdeh təşkilata gedərək aylıq ödənişi etmək isəmiş, cavabdehin nümayəndəsi həmin pulun faiz borcundan çıxılaçağını, qalan pulu isə ödəməli olduğunu bildirmişdir. Hesab edir ki, üzürlü səbəblərdən aylıq ödənişləri gecikdirdiyinə görə, cavabdeh ona həmin aylar üzrə faiz hesablaya bilməzdi. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin həmin bina söküldüyünə görə bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ1006 nömrəli poçt şöbəsi tərəfindən müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, 571818; 571477; 571842; 571944; 571827; 571746; 571533 və 571841 nömrəli girov biletlərindən müəyyən olunur ki, İddiaçı müxtəlif vaxtlarda özünə məxsus olan qızıl-zinət əşyalarını Cavabdeh MMC-yə girov qoyaraq ssuda (borc pul) götürmüş və aldığı məbləğləri müəyyən edilmiş müddətdə ssuda faizləri ilə birlikdə Cavabdeh MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “Girov haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən girov haqqında müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, girovsaxlayan girov qoyulmuş əmlakın hesabına borcun faktiki ödənilməsi müddəti üçün müəyyənləşdirilmiş bütün tələblərini, o cümlədən faizləri, icranın gecikdirilməsi nəticəsində dəymiş zərəri, girovla təmin olunmuş tələbin həyata keçirilməsi və girov qoyulmuş əmlakın saxlanması ilə bağlı xərcləri, qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda isə dəbbə pulunu tam həcmdə ödəmək hüququna malikdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 281.2-ci maddəsinə əsasən əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Məhkəmə qeyd edir ki, iddiaçının girov biletləri üzrə cavabdehin qarşısında girov müqaviləsindən irəli gələn əsas və faiz borcunu ödəmək öhdəliyi yaranmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçının yaranmış faizlərin silinməsini tələb etməsi, tərəflər arasında bağlanmış girov müqaviləsinə və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun deyildir. Bu səbəbdən onun iddia tələbi özü-özlüyündə əsassız olduğundan təmin edilə bilməz. Çünki, ölkə ərazisində Covid-19 pandemiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq iddiaçının 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün aylıq ödənişləri üzürlü səbəblərdən gecikdirməsi, onu həmin aylar üçün hesablanmış faizləri cavabdehə ödəməkdən azad etmir. Odur ki, iddia rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar