Məhkəmə qərarları › İş №2(004)-5819/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5819/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5819/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 (on iki min) manat məbləğində əsas borc, 750 (yeddi yüz əlli) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 12781 (on iki min yeddi yüz səksən bir) manat məbləğində pulun tutularaq iddaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 12000 manat məbləğində borcu vardır. Bununla əlaqədar 18 mart 2020-ci il tarixdə Bakı şəhər 23 saylı notariat ofisində Cavabdeh ilə kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıdan aldığı 6000 manat məbləğində borcu 18.06.2020-ci il tarixə kimi iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 10.06.2020-ci il tarixdə Bakı şəhər 23 saylı notariat ofisində Cavabdeh ilə bağlanmış digər kredit müqaviləsinə əsasən cavabdeh aldığı 6000 manat məbləğində borcu 10.09.2020-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, borcverən İddiaçı borcalan Cavabdeh 6.000 (altı min) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi, borcalan isə 18.06.2020-ci il tarixədək həmin pulu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, borcverən İddiaçı borcalan Cavabdeh 6.000 (altı min) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi, borcalan isə 10.09.2020-ci il tarixədək həmin pulu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında razılaşmaya əsasən Cavabdeh İddiaçı 18.03.2020-ci il tarixli müqavilə üzrə 6000 manat məbləğində, 10.06.2020-ci il tarixli müqavilə üzrə 6000 manat məbləğində, cəmi 12000 manat borc pul almış və həmin borcun 6000 manatını 18.06.2020-ci il tarixədək, 6000 manatını isə 10.09.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi pozmuş, bu günə kimi borcunu qaytarmamışdır. Məhkəmə hesab edir ki, pul məbləği ödənilmədiyindən iddia tələbi qismən təmin edilməli, cavabdehdən 12000 məbləğində pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə 750 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin qeyd edilən hüquqi əsasla (Mülki Məcəllənin 449.1-ci maddəsi ilə) borc məbləğindən faydalandığını məhkəmədə sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, tələbi həmin hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12000 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar