Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5862/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 232,2 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, 20 manat dövlət rüsumunun, 40 qəpik bank xidmət haqqının, cəmi 402,6 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziya xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkilir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixinədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar iddiaçı ilə müqavilə bağlamadan qanunsuz olaraq kabel şəbəkəsinə qoşulurlar. Bunların qarşısını almaq məqsədi ilə iddiaçı “Ədalət-A” hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərində hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalamışdır. 32 saylı MKİS-in arayışına əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi ev 7, mənzil 18-in sahibidir. 08.06.2011-ci il tarixdə həmin ünvanda yaşayan Ağa Heydərov ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.01.2012-ci il tarixinədək etmiş və həmin ünvan 26.03.2012-ci il tarixdə 25,8 manat borc ilə şəbəkədən ayrılmışdır. 25.05.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının “K@TV1” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzildə kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş və bu barədə həmin tarixli 1224 K saylı akt tərtib edilmişdir. Həmin ünvana 16.07.2012-ci il, 05.04.2013-cü il, 16.09.2013-cü il, 26.12.2013-cü il və 21.08.2014-cü il tarixlərdə keçirilən qrafikdənkənar nəzarət baxışı zamanı cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 1448 K, 1425 KA, 2606 K, 0623 L və 1425 N saylı aktlar tərtib edilmişdir. 1425 KA saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 28.10.2012-ci il tarixdə baxış keçirilmişdir. Ünvana son baxış 28.10.2012-ci il tarixdə olmuşdur. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcək idi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 26.03.2012-ci il tarixdən qanunsuz qoşulma barədə 1448 K saylı aktın tərtib olunduğu 16.07.2012-ci il tarixə qədər olan müddət 112 gün, həmin ünvana 1425 KA saylı akt tərtib edilənədək sonuncu dəfə baxış keçirildiyi 28.10.2012-ci il tarixdən təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 21.08.2014-cü il tarixə qədər olan müddət 662 gün olmaqla, ümumilikdə 774 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 232,2 manat təşkil edir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Eyni zamanda “Ədalət-A” hüquq firması ilə bağlanmış müqaviləyə əsasən ona 150 manat pul ödənilir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək və bu barədə ərizə verərək, izahatında bildirmişdir ki, iddia rədd olunmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlarla cavabdehin iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz qoyulması təsdiq edildiyindən iddiaçının 232,2 manat abunə haqqı kimi zərər tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia hüquqi xidmət haqqı olaraq “Ədalət-A” hüquq firmasına ödənilmiş 150 manat tələbi hissəsində də təmin edilə bilməz. Belə ki, iddiaçı hüquq firması ilə aralarında bağlanmış müqaviləni məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsmunun 12,15 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 232,2 manat (iki yüz otuz iki manat iyirmi qəpik) manat dəymiş maddi zərər, 0,4 (qırx qəpik) manat bank xidmət haqqı və 12,15 (on iki manat on beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5862/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5862/2021
07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver