Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5863/2025 26.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X31 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "X3 Evrascon" ASC-yə qarşı "ailə başçısının ölümü ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X3 Evrascon" ASC-yə qarşı "ailə başçısının ölümü ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Evrascon ASC-dən iş zamanı öldürülmüş, himayəsində olduqları əri X25 öldüyünə görə ona və nəvələri X18 və xx.xx.2022-ci il təvəllüdlü X19 vurulmuş zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" ASC tikinti şirkətində qaynaqçı fəhlə işləyən X25 xx.xx.2025-ci ildə saat 15-16 radlərində Səbail rayonunda iş vaxtı iş yerində iş yoldaşı tərəfindən qəsdən öldürülüb. X25 ilə 06 may 1997-ci il tarixdə rəsmi nikahla evlənmişdilər. X1 həyat yoldaşı avtoqəzada vəfat etdiyindən onun 2 azyaşlı qız uşağı-29 may 2018-ci il təvəllüdlü X27 və xx.xx.2022-ci il təvəllüdlü X28 ilə onun (iddiaçının) himayəsindədir. O, evdar olmaqla işləmir. Kənd yerində iş də yoxdur. Ailələrinə, uşaqlarına, nəvələrinə heç bir maddi köməklik göstərilməyib. İş yerindən heç bir söz deyən, maraqlanan da yoxdur ki, axı iş yerində insan öldürülüb. Cinayət işi Bakı şəhəri Səbail rayon prokurorluğunda istintaq edilirdi. AR NK-nin xx.xx.2000-ci il tarixli qərarı ilə İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları təsdiq olunub. Həmin Qərarda müəyyən edilir ki, əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; İstehsalatda bədbəxt hadisə sayılır və bu faktlar rəsmi qeydə alınmaqla təhqiq edilməli, akt tərtib edilməli, işəgötürən tərəfindən qanuni köməkliklər göstərilməlidir. Lakin indiyə kimi cavabdeh təşkilatdan onun ərinin istehsalatda öldürülməsi ilə əlaqədar onların ailə vəziyyətlərini öyrənən, onlara maddi köməklik göstərən olmayıb. Əri 3 ildən çox idi ki, həmin şirkətdə işləyirdi. Deyilənlərə görə onu öldürən şəxs türmədən təzə buraxılmış kriminal şəxs olub. Birincisi, belə bir kriminal şəxsin işə hansı əsasla götürülməsi, mərhum əri ilə birgə iş tapşırılarkən üzərində heç bir nəzarətin olmaması təəccüb və təəssüf doğurur. Axı belə kriminal şəxsdən ağır cinayətlər gözlənilə bilərdi. Göründüyü kimi, cavabdeh iş gördüyü vaxt öldürülmüş, himayəsində olduğu əri X25 öldüyünə görə ona dəymiş zərərin əvəzini ödəməlidir. Mərhum ərinin himayəsində o və 2 yeti nəvələri var. Cavabdeh tərəfindən mərhumun aylıq qazancı olan 1000 manatın 1/2 hissəsi onlara çatdırdı və həmin məbləğ onlara ödənməlidir. Məhkəmə prosesinin gedişində İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, vurulmuş zərərin əvəzi kimi 10.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X31 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh "X3 Evrascon" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, tərtib olunmuş aktın mübahisələndirməsi ilə bağlı Bakı İnzibati Məhkməsinə müraiət etmişlər. Şirkət və əməkdaşları tərəfindən hər hansı pozuntunun edilməsi təhqiqat zamanı aşkarlanmamışdır. Mübahisə zamanı iddiaçının həyat yoldaşı bıçaqlanaraq həyatını itirmişdir. Cinayət işi ilə bağlı hal-hazırda Səbail Rayon Prokurorluğunda istintaq gedir. Şirkətin heç bir təqsiri yoxdur. Dəfnlə bağlı və digər xərclər tərəflərindən qeyri-rəsmi qaydada köməklik məqsədilə ödənmişdir. Cinayət işinin başlanması barədə qərarı təqdim etmişdir. Təhqiqat aktında işçilərinin günahı olmadığı bildirilir. Hadisə şəxsi münasibətlər zəminində baş vermişdir və istehsalatda baş vermiş bədbəxt hadisə deyil. İddiaçı məhkəməyə qabaqcadan ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Saatlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-201/69 nömrəli, 23 aprel 2021-ci il tarixli arayışın surətindən görünür ki, X25 və X20 06 mart 1997-ci il tarixdə Saatlı rayonu Hacıqasımlı KİN-də nikaha daxil olmuşlar və bu barədə 07 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada Tağıyeva Soyadı verilmişdir. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 505211 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2025-ci il tarixində Bakı şəhərində başın çoxsaylı açıq yaraları səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 246 nömrə ilə qeyd edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1999-cu il tarixində doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X27 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. AA seriyalı ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X28 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Səbail rayon Prokurorluğunun 10 may 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Qərarına əsasən, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikast CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. Həmin qərarın məzmunundan görünür ki: “xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Səbail RPİ-nin 41-ci PB-dən həmin gün saat 16:00 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus tikinti sahəsinin paltar dəyişmə otağında qeyd olunan ASC-də fəhlə kimi çalışan xx.xx.1970-ci il təvəllüdlü X14 şəxsi münasibətlər pozulması zəmnində iş yoldaşı X10 baş nahiyəsindən bir neçə dəfə yumruqla və stolun üzərində olan stəkan ilə zərbə vuraraq qəsdən öldürməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Səbail RPİ-nin 41-ci PB-nin əməliyyat qrupunu, hal şahidlərinin iştirakları ilə tərəfindən hadisə yerinin və meyitlərin xarici müayinəsi aparılmış, meyit daxili müayinə edilməsi üçün "MTE və PA" X39 şəxsin Səbail rayon şöbəsinin meyitxanasına göndərilmişdir. Hadisə yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən sübutlar, o cümlədən cinayətin aləti maddi sübut qismində qablaşdırılaraq götürülmüş və digər istintaq hərəkətləri yerinə yetirilmişdir.” X31 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli təhqiqat aktından müəyyən edilir ki, X25, xx.xx.1970-ci il təvəllüdlü, ümumi və peşəsi üzrə iş stajı xx.xx.2011-ci il tarixdən olmaqla, xx.xx.2024-cü il tarxidən X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətində 4-cü dərəcəli qəlibçi vəzifəsində işləmişdir ("xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X25 arasında bağlamış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.e (işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz İtkin düşmüş və ya ölmüş elan edildikdə) maddəsinə əsasən xitam verilmişdir). Cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərə əsasən zərərçəkənə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə giriş və ilkin təlimat xx.xx.2025-ci il tarixdə keçirilmiş, əməyin mühafizəsi üzrə bilikləri xx.xx.2025-ci il tarixdə yoxlanmışdır. B. Tağıyevin tibbi müayinədən keçirilməsinə dair sənədləri təqdim olunmamışdır. Ailə vəziyyəti-evli. Aşağıdakı tərkibdə ailə üzvləri vardır: Həyat yoldaşı-İddiaçı- xx.xx.1972-ci il; Qızı- X2-xx.xx.1996-cı il; Oğlu- X26- xx.xx.2007-ci il; X12 qızı- xx.xx.1999-cu il; Qızı- X5xx.xx.2000-ci il. X25 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta edilmişdir. Bədbəxt hadisə xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvanında yerləşən X3 "xxxx" ASC-yə məxsus tikinti sahəsində çay fasiləsi zamanı Cəmiyyətin işçiləri X25 ilə X21 arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı M.Abdullayevin B.Tağıyevin baş nahiyyəsinə yumruq və stəkan ilə zərbə vurması nəticəsində baş vermişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş "Hadisə yerinə baxış aktı"nda xx.xx.2025-ci il tarixdə çay fasiləsi zamanı, saat 16:00 radələrində şirkətin əməkdaşları X14 ilə X38 arasında şəxsi münasibətlər zəmnində mübahisə yarandığı, M.Abdullayev tərəfindən B.Tağıyevə zərbələr endirildiyi, nəticədə B.Tağıyevin qətlə yetirildiyi qeyd edilmişdir. Təhqiqatla əlaqədar şəxslərdən alınan izahatdan və toplanmış digər sənədlər təhlil edərək aşağıdakılar müəyyən olunmuşdur: Təhqiqatın gedişində X3 "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 639/25 nömrəli məktubda xx.xx.2025-ci il tarixdə X25 ilə X14 arasında çay fasiləsi zamanı, saat 16:00 radələrində şəxsi münasibətlər zəmnində mübahisə baş verdiyi, M.Abdullayev tərəfindən B.Tağıyevin baş nahiyəsinə zərbələr endirildiyi, hadisədən bir qədər keçdikdən sonra B.Tağıyevin vəfat etdiyi, hadisə ilə bağlı M.Abdullayev barəsində Azərbaycan Republikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsini ilə Səbail rayon prokurorluğunda cinayət işinin başlanıldığı qeyd edilmişdir. "xxxx" ASC-nin iş icraçısı X29 izahatında Cəmiyyətdə sahə rəisi vəzifəsində çalışdığını, əmək funskiyasının işlərin bölgüsünü aparıb nəzarət etməkdən ibarət olduğunu, xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində ünvan 1 ünvanında (Şıxov qəsəbəsi ərazisində) yerləşən tikinti sahəsinə işə getdiyini, X15 və X7 işlə bağlı göstərişlərini verdiyini, iş axınının normal vəziyyətdə davam etdiyini, nahara qədər B.Tağıyev və M.Abdullayev arasında heç bir mübahisə yaranmadığını və ya problem olmadığını, saat 13:20-də rəhbərlikdən şifahi icazə alaraq şəxsi işi lə bağlı iş yerini tərk edərək getdiyini, saat 16:35 radələrində ekskavator maşinisti X8 ona zəng etdiyini və B. Tağıyevin ürəyinin sıxıldığını bildirdiyini, zəngdən sonra dərhal hadisə yerinə getdiyini, saat 17:05 radələrində tikinti sahəsinə çatdığını, çatan vaxt B.Tağıyevin artıq vəfat etdiyini, E. Hebibovdan hadisənin hansı səbəbdən baş verdiyini soruşduqda B.Tağıyevi çay fasiləsi üçün nəzərdə tutulmuş vaqondan çıxarkən gördüyünü, daha sonra vaqon tərəf getdiyini, hadisənin necə baş verdiyi görmədiyini, yəni hadisəyə şahid olmadığını bildirdiyini qeyd etmişdir. M.Vəliyev izahatında həmçinin, hadisənin saat 16:00-16:20 aralığında, yəni çay fasiləsində baş verdiyini, hadisə yerinə gedən zaman M.Abdullayevi qandallı vəziyyətdə gördüyünü, ətrafdakı şəxslərdən (dəqiq şəxs adı deyə bilmir) eşitdiyinə görə çay fasilə zamanı B.Tağıyevlə M.Abdullayev arasında işlə bağlı olmayan şəxsi zəmində anidən mübahisə yarandığını, belə ki, bir-birləri ilə zarafat edən zaman zarafatın mübahisəyə çevrildiyini, birinin o birinin üzərinə çay atdığını, daha sonra onların əlbəyaxa tutuşduqlarını, M.Abdullayevin əlində olan stəkanla B.Tağıyevə zərbə vurduğunu, bir neçə dəqiqədən sonra B.Tağıyevin ürəyinin sıxılması səbəbindən vaqondan çölə çıxdığını və vəfat etdiyini, M.Abdullayevin ve B.Tağıyevin işlərinə onun tərəfindən nəzarət edildiyini, əvvəllər M.Abdullayev və B. Tağıyev arasında hər hansı mübahisə yaşanmadığını, heç bir problem baş vermədiyini, hadisənin əmək funksiyası və ya işlə əlaqədar olmadığını, şəxsi zəmində baş verdiyini, daxili qaydalara əsasən 1-ci çay fasiləsinin saat 11:00-dan 11:20dək, 2-ci çay fasiləsinin isə saat 16:00-dan 16:20-dək olduğunu, baş vermiş hadisə zamanı onların yanında hadisə şahidinin olmadığını, layihənin sona çatdığını (2-3 gün əvvəl bitirdiklərini), 4-5 nəfər işçinin qaldığını, həmin gün əsgər yola saldığına görə icazə aldığını, ümumiyyətlə çay və nahar fasilələri zamanı işçilərin yanında olmadığını, olsa idi də hər hansı tədbir görə bilməyəcəyini, çünki mübahisənin anidən baş verdiyini qeyd etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sürücüsü X30 izahatında xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında (Şıxov qəsəbəsi ərazisində) yerləşən tikinti sahəsinə işə getdiyini, həmin gün Cəmiyyətin işçiləri Bahadur Tağıyevi və Möhsün Abdullayevi də iş yerində gördüyünü, normal iş axınının getdiyini, nahara qədər B.Tağıyev ile M.Abdullayev arasında heç bir mübahisə və ya problem yaşandığını görmədiyini, eşitmədiyini, nahar vaxtı Cəmiyyətin sahə relsi Mürvət Vəliyevlə onun şəxsi işlərini görmək üçün getdiklərini, saat 16:00-17:00 radələrində Həbibov Elmanın M. Vəliyevə zəng etdiyini, B.Tağıyevin özünü narahat hiss etdiyini bildirdiyini, dərhal hadisə baş verən tikinti sahəsinə getdiklərini, ora çatan zaman B.Tağıyevi işçilər üçün çay içmək, yemək yemək üçün nəzərdə tutulmuş vaqonun yanında ölü vəziyyətdə gördüyünü, ətrafdakılardan hadisənin çay fasiləsi zamanı B.Tağıyevla M. Abdullayevin bir-birləri ilə zarafat edərkən aralarında yaranmış mübahisə zamanı baş verdiyini, hadisənin şəxsi zəmində baş verdiyini eşitdiyini, hadisənin şahidi olmadığını, hadisənin şahidlərinin olduğunu eşitmədiyini, əvvəllər Bahadur Tağıyev və Möhsün Abdullayevlə çay fasilə zamanı bir yerdə olduğunu, lakin onlar arasında əvvəllər heç bir mübahisə və ya problem olmadığını, ümumiyyətlə bu barədə digər iş yoldaşlarından da heç nə eşitmədiyini, hadisənin əmək funksiyası və ya işlə bağlı olmadığını, şəxsi zəmində baş verdiyini, E.Həbibovun da hadisənin şahidi olmadığını, hadisənin çay fasiləsi zamanı İşçiler Üçün nəzərdə tutulmuş vaqonda baş verdiyi üçün görmədiyini, həmin vaxt E.Həbibovun özünün idarə etdiyi traktorda kondisioneri qoşaraq çay içdiyini bildirdiyini, 1-ci çay fasiləsinin saat 11:00-dan 11:20-dək, 2-ci çay fasiləsinin isə 16:00-dan-16:20-dək olduğunu bildirmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ekskavator maşinisti X22 izahatında xx.xx.2025ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Səball rayonu, Şıxov qəsəbəsi ərazisində yerləşən tikinti sahəsinə işə getdiyini, öz əmək funskiyalarını icra etməyə başladığını, nahara qədər heç bir hadisə baş vermədiyini, Bahadur Tağıyev və Möhsün Abdullayev arasında mübahisənin çay fasiləsi zamanı baş verdiyini, lakin həmin vaxt özünün orada olmadığını, çay fasiləsi zamanı idarə etdiyi ekskavatorda çay İçdiyini, təxminən saat 16:30 radələrində B.Tağıyevi işçilər üçün çay içmək, paltar soyunub-geyinmək üçün nəzərədə tutulmuş vaqonun yanında uzanmış vəziyyətdə gördüyünü, ona yaxınlaşdığını, B.Tağıyevin ona ürəyinin sıxıldığını bildirdiyini, lakin hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı heç nə demədiyini, dərhal sahə rəisi Vəliyev Mürvətə zəng edərək məlumat vediyini, təxminən 15 dəqiqə sonra B.Tağıyevin vəfat etdiyini, polislər gəldikdən sonra M.Abdullayevi sorğu-sual etdiklərini, B. Tağıyevin ona nalayiq ifadələr İşlətməsi səbəbindən çay stəkanı ilə onu vurduğunu bildirdiyini qeyd etmişdir. E.Həbibov izahatında həmçinin, hadisənin şahidi olmadığını, digər iş yoldaşlarının da hadisəyə şahid olduqlarını eşitmədiyini, əvvəllər B. Tağıyev və M.Abdullayev arasında heç bir mübahisə və ya problem olduğunu görmədiyini, eşitmədiyini, hadisənin əmək funskiyası və ya işlə bağlı olmadığını, şəxsi zəmində baş verdiyini, belə ki M.Abdullayevdən çay fasiləsi zamanı B.Tağıyevin ona nalayiq ifadələr söyləməsi səbəbindən çay stəkanı ilə vurduğunu eşitdiyini, 1-ci çay fasiləsinin saat 11:00-da, 2-ci çay fasiləsinin saat 16:00-da olduğunu (təxminən 20 dəqiqə) bildirmişdir. Respublika Təcili və X17 Mərkəzi" PHŞ-nin xx.xx.2025ci il tarixli 18-1-88/2-2209/2025 nömrəli məktubunda X11 adına xx.xx.2025-ci il tarixdə "Respublika Təcili və X17 Mərkəzi" publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə çağırış daxil olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ №505211 nömrəli "ölüm haqqında şəhadətnamə"də X10 ölüm səbəbinin "Başın çoxsaylı açıq yaraları" olduğu qeyd edilmişdir. X10 aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi barədə məhkəmə-tibbi ekspertizasının, eyni zamanda məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyindən çıxarış verilməsinə köməklik göstərilməsi üçün Səbail rayon prokurorluğuna və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-70300/2025 nömrəli məktubla müraciət olunmuşdur. Səbail rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli "Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında" Qərarında xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Səbail RPİ-nin 41-ci PB-dən həmin gün saat 16:00 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tikinti sahəsinin paltar dəyişmə otağında qeyd olunan ASC-də fəhlə kimi çalışan X6 şəxsi münasibətlərin pozulması zəminində iş yoldaşı X10 baş nahiyəsindən bir neçə dəfə yumruqla və stolun üzərində olan stəkan ilə zərbə vuraraq qəsdən öldürməsi barədə məlumat daxil olduğu, X10 qəsdən öldürülməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparıldığı qeyd edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cəmiyyətin qəlibçisi X6 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) əsasən xitam vermişdir. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyində qeyd olunmuşdur ki, Bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinə əsasən əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmişdir. X25 ilə baş vermiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə haqqında İz formalı aktla rəsmiləşdirilməli və X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətində uçota alınmalıdır. Zərərçəkənin ailə üzvləri ilə əlaqə saxlanılmış və onlara sosial təminat hüquqları qanunvericiliyin tələblərinə uyğun olaraq izah edilmişdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən, Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1118.1-ci maddəsinə əsasən, Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə əsasən, İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1119.1-ci maddəsinə əsasən, Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2-ci maddəsinə əsasən, Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3-cü maddəsinə əsasən, Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmişolduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 29. Maddə 1121.1-ci maddəsinə əsasən, Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.3-cü maddəsinə əsasən, Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə qulluq etdikləri on dörd yaşına çatanadək. 1122.1-ci maddəsinə əsasən, Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. 1122.2-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən, Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən, Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 194.1-ci maddəsinə əsasən, Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 195-ci maddəsinin “c” bəndinə əsasən, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 239.1-ci maddəsinə əsasən, İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən, İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun: 10.1-ci maddəsinə əsasən, Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. 16.3.2-ci maddəsinə əsasən, Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın: 1.3-cü bəndinə əsasən, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. 3.1-ci bəndinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın: 1.3-cü bəndinə əsasən, İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmətibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. 1.4-cü bəndinə əsasən, İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər.” Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvanında yerləşən X3 "xxxx" ASC-yə məxsus tikinti sahəsində çay fasiləsi zamanı Cəmiyyətin işçiləri X25 ilə X21 arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı M.Abdullayevin B.Tağıyevin baş nahiyyəsinə yumruq və stəkan ilə zərbə vurması nəticəsində X25 vəfat etmişdir. Səbail rayon Prokurorluğunun 10 may 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Qərarına əsasən, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikast CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. Hazırda iddiaçı - mərhumun həyat yoldaşı İddiaçı ərinin iş yerində öldürülməsini əsas gətirərək, cavabdeh işəgötürən şirkətdən özü və iki azyaşlı nəvəsi üçün onlara dəymiş 10.000 manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin təqsiri ucbatından həyat yoldaşının ölümü nəticəsində ona zərər vurulduğunu bildirərək, vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı onun dəlillərini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmiş, yəni iddiaçının həyat yoldaşının ölümündə, həmçinin, onun ölümü nəticəsində iddiaçının bu və ya digər zərərə məruz qalmasında cavabdehin təqsiri aşkar edilməmişdir. İş materiallarında olan sübutlardan görünür ki, hadisə işəgötürənin təhlükəsizlik qaydalarını pozması və ya iş prosesinin düzgün təşkil edilməməsi nəticəsində deyil, üçüncü şəxsin (M. Abdullayevin) qəsdən törətdiyi cinayət nəticəsində baş vermişdir. Şirkətin bu cinayət hadisəsinin qarşısını almaq üçün obyektiv imkanları olmamış, çünki mübahisə ani və şəxsi zəmində yaranmışdır. Təhqiqat aktında qeyd olunmuşdur ki, müəssisə tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması faktı müəyyən edilməmişdir. Ölümün səbəbi istehsalat prosesi deyil, şəxsi münasibətlər zəminində törədilmiş qəsdən adam öldürmə cinayətidir. Faktiki zərər vuran, yəni ölümə səbəb olan tərəf "X3 Evrascon" ASC deyil, barəsində AR CM-nin 120.1-ci maddəsi ilə cinayət işi açılmış X9r. İşəgötürən öz işçisinin xidməti vəzifələrini icra edərkən vurduğu zərərə görə məsuliyyət daşısa da, qəsdən adam öldürmə əmək funksiyasına daxil deyil və işçinin xidməti vəzifəsinin icrası sayıla bilməz. Bundan başqa qeyd olunmalıdır ki, mərhum Bahadur Tağıyev "xxxx" ASC-də icbari sığorta olunmuşdur. Qanunvericiliyə görə, istehsalatda bədbəxt hadisə nəticəsində dəymiş zərər ilk növbədə sığorta ödənişi hesabına qarşılanır. Həmçinin, cavabdehin dəfn xərcləri ilə bağlı göstərdiyi köməklik onun xoşməramlı addımıdır və əlavə maddi öhdəliyin etirafı kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, zərər (ziyan) vuran şəxs vurduğu ziyanı tam həcmdə ödəməlidir. Lakin ziyanın ödənilməsi üçün zərərin vurulması, zərər vuranın təqsiri (qanunsuz hərəkəti) və zərərlə təqsirli hərəkət arasında səbəbli əlaqə olmalıdır. İşəgötürənin hərəkəti (və ya hərəkətsizliyi) ilə ölüm hadisəsi arasında birbaşa səbəbli əlaqə müəyyən edilməmişdir. İddiaçının nəzərinə çatdırılır ki, zərərin əvəzini cinayət işi üzrə təqsirləndirilən şəxsdən mülki iddia qaydasında tələb etmək hüququna malikdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X31 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "X3 Evrascon" ASC-yə qarşı "ailə başçısının ölümü ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X31 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "X3 Evrascon" ASC-yə qarşı "ailə başçısının ölümü ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5863/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5863/2025
26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver