Məhkəmə qərarları › İş №2(004)-590/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-590/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-590/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il təvəllüdlü X1 müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı ödənilmiş vəsaitin 70 % hissəsinin - 5.617 manat pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay Cavabdeh gəlirinin 25 % hissəsinin və əlavə olaraq 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-cı ıl tarixli. 2(004)-1250/2017 nömrəli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü ildə Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, xx xxxxxx 2015-cı ıl təvəllüdlü X1 ananın himayəsində qalması qət edilmişdir. Habelə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9210/16 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan olan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində və uşaq 3 yaşına çatanadək 50 manat məbləğində alımentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Halhazırda iddiaçının himayəsində olan Aylaxanım Həsənovanın 5 yaşı var, 2 nömrəli uşaq poliklinikasının arayışından görünür ki, azyaşlı xüsusi qulluğa, qayğıya ehtiyacı olan uşaqlar qrupuna aiddir. Onun müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı məsrəflərinin qarşılanması tamamilə iddiaçının öhdəliyindədir və bununla bağlı tərəfindən 8024 manat vəsait xərclənmişdir Habelə, həkim müayinəsi zamanı azyaşlıya çəpgözlük diaqnozu qoyulmuş və müalicəsi üçün əməliyyat təyin edilmişdir. Bunun üçün də böyük miqdarda vəsait tələb olunur. Azyaşlının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətin gəlir. Onun məsrəfləri xeyli artdığından Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği onun heç bir tələbatının ödənilməsinə yetmir. Habelə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə yaşayış minimumu 190 manat müəyyən olunmuşdur. Bu səbəbdən aliment məbləğinin artırılmasına dair iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qismən qəbul edərək izahatında göstərmişdir ki, hazırda o işləmir. Anasına təyin edilmiş təqaüd hesabına dolanır və eyni zamanda, ipoteka ödəyir. Uşağının əməliyyatı barədə məlumatı var, kömək göstərmək istəyir, lakin iddiaçı uşağını ona göstərmir. Bununla əlaqədar aralarında məhkəmə mübahisəsi davam etməkdədir. Göstərilənlərə əsasən, cavabdeh iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Uşaq üçün alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşağın və iddiaçının mənafelərini, onun əvvəlki təminat səviyyəsini, eyni zamanda cavabdehin daimi iş yerinin olmamasını, onun maddi vəziyyətini, iddiaçının alimenti həm cavabdehin qazancının ¼ hissəsi və eyni zamanda əlavə sabit pul məbləğində tutulması barədə tələbini, Respublikada 2021-ci ildə müəyyən olunmuş yaşayış minimumunu nəzərə alır və hesab edir ki, cavabdehin hal-hazırda daimi iş yeri və müntəzəm gəliri olmadığından iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmaqla iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia X1 müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı ödənilmiş vəsaitin 70 %-i hissəsinin - 5.617 manat pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi hissəsində də qismən təmin edilməlidir və ödənilmiş vəsaitin 50%-i, 4012 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının uşağın müalicəsi üçün çəkdiyi xərclər təsdiqini tapmışdır. Uşağın müalicəsi üçün ödənilən xərclər valideynlər arasında bərabər bölüşdürülməlidir. Belə ki, valideynlərin uşaqları barədə bərabər vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı qızının iddia tələbi qismən təmin edildiyində və iddiaçı aliment tələbi ilə əlaqədar dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə hesab edir ki, 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-9210/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qızının xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına ödənilsin. xx xxxxxx 2015-ci il təvəllüdlü X1 müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı ödənilmiş vəsaitin 50%-i, 4012 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı qızına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 10 (on manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar