Məhkəmə qərarları › İş №2(004)-5930/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5930/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5930/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ələsgərov X1 Rövşən Xızır oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 07.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 23.11.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh 20470 (iyirmi min dörd yüz yetmiş) ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 11.10.2021-ci il tarixdə etiraz ərizəsi verərək iddia müddətinin tətbiqi və mülki iş üzrə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək bildirir ki, iddiaçı ilə Cavabdeh ilə 21.01.2016-cı il tarixdə notarial qaydada borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 26000 ABŞ dolları məbləğində borc aldığını etiraf etmiş və borcu 01.02.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməkdən yayındığından iddiaçı icra qeydinin verilməsi üçün notariat kontoruna müraciət etmişdir. Lakin icra tədbirlərinin həyata keçirilməsi mümkün olmamış, cavabdeh hər dəfə maddi imkanının olmamasını əsas gətirərək borcu tam ödəməkdən yayınmış,borcundan cəmi 6000 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya 20470 ABŞ dolları borcu vardır. Dəfələrlə xəbərdarlıq olunsa da o, qalan borcu ödəməkdən imtina edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, iddiaçı cavabdehə 26000 ABŞ dolları məbləğində borc vermişdir. Lakin həmin vaxt ABŞ dollarının məzənnəsi 1,05 manat olmuşdur. İcra sənədi göndərilənə qədər 3000 manat ödənilmiş, son üç ildə də ödənişlər olmuş, heç bir yayınma olmamışdır. Cəmi 6000 manat ödəniş olunmuşdur. İddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 21.01.2016-cı il tarixli borcun etirafı müqaviləsinə əsasən Cavabdeh İddiaçı 01.11.2015-c i il tarixdə 26000 ABŞ dolları məbləğində pul borc aldığını etiraf etmişdir. Cavabdeh borcu 01.02.2016-cı il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, Cavabdeh sonuncu dəfə 31.08.2021-ci il olmaqla 2019-2021-ci illərdə müxtəlif tarixlərdə İddiaçı ödəniş etmişdir. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında 26000 ABŞ dolları məbləğində borcun etirafı müqaviləsi bağlanmışdır. Cavabdeh borcu etiraf etmiş, həmçinin müxtəlif tarixlərdə, sonuncu dəfə isə 31.08.2021-ci il tarixdə borca ödəniş etmişdir. Hazırda iddiaçı cavabdehin borca 6000 manat ödəniş etdiyini bildirərək 20470 ABŞ dolları məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili isə iddia müddəti tətbiq olunaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Çünki tərəflər arasında borcun etirafı müqaviləsi bağlanmışdır və cavabdeh 01.02.2016-cı il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu tam qaytarmamış, öhdəliyini pozmuşdur. Lakin cavabdeh borca müntəzəm olaraq ödəniş etmiş, sonuncu ödəniş isə 31.08.2021-ci il tarixdə olmuşdur. Göründüyü kimi iş üzrə iddia müddəti keçməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 20470 ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20470 (iyirmi min dörd yüz yetmiş) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar