Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5937/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1254,08 (min iki yüz əlli dörd manat səkkiz qəpik) manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 13.10.2016-cı il tarixinə 1632,25 (min altı yüz otuz iki manat, iyirmi beş qəpik) manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 290,19 (iki yüz doxsan manat, on doqquz qəpik) manat borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1317,99 (min üç yüz on yeddi manat, doxsan doqquz qəpik) manat cərimə borcunun, cəmi isə 4494,51 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlamış 13.07.2015-ci il tarixli İKM280 saylı İstehlak Krediti müqaviləsinə əsasən müəyyən olunur ki, bank müştəriyə bank 15 ay müddətinə, illik 36% olmaqla 2000 (iki min) manat məbləğində krediti borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.07.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 15 ay müddətinə sonuncu ay 167,57 manat olmaqla, hər ay 167,53 manat, cəmi 2512,99 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlamış 13.07.2015-ci il tarixli İKM 280 saylı Zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zaminlik müqaviləsinin predmeti 13.07.2015-ci il tarixli İKM 280 saylı krdit müqaviləsi ilə “Borcalanın” “Borcverən” qarşısında 2000 (iki min) manat məbləğində öhdəliyi tam icra etməsi üçün məsuliyyəti Zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan 23.06.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 1254,08 (min iki yüz əlli dörd manat səkkiz qəpik) manat əsas, 1632,25 manat faiz, 290,19 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, 1317,99 manat cərimə borcu olmaqla, cəmi 4494,51 manat borcu vardır. İş materiallarında olan 20.06.2017-ci il tarixli, 08.11.2021-ci il tarixli, 26.08.2020-ci il tarixli xəbərdarlıq məktublarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh1 1254,08 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 13.10.2016-cı il tarixinə 1632,25 manat faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 290,19 manat borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə 100 manat cərimə borcu, ümumilikdə 3276,52 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti 13.10.2016-cı il tarixdə bitdiyindən, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi borcun Cavabdeh2 tutulması hissəsində rədd edilməlidir. Məhkəmə hesab edir ki, 1317,99 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 100 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəyə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1254,08 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 13.10.2016-cı il tarixinə 1632,25 manat faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 290,19 manat borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə 100 manat cərimə borcu, ümumilikdə 3276,52 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5937/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5937/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver