Məhkəmə qərarları › İş №2(004)-598/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-598/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-598/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mehdibala qızı və Cavabdeh3 Bakır qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mehdibala qızı və Cavabdeh3 Bakır qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mehdibala qızı və Cavabdeh3 müştərək qaydada 7691.30 manat əsas borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” MMM QBKT-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx" МММ QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********6797 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 38 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 741 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 Mehdibala qızı və Cavabdeh3 da zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşlar. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və kreditor “xxxx” MMM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixdə iddiaçı “xxxx” MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015ci il tarixli saziş, həmin sazişin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli saziş və xx.xx.2016-cı il tarixdə xx.xx.2016-cı il tarixli sazişin restrukturizasiyasına dair saziş bağlanmışdır. Sonuncu sazişə əsasən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit alan Cavabdeh1 qalıq borcunun - 8819,98 manatın 36 ay müddətinə illik 15% ödənilməsi şərti ilə razılığa gəlinmişdir. xx.xx.2016-cı il tarixli saziş üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixə borcu 7691,30 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 7691,30 manat borcun tələbi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia qalan hissədə, yəni qalan cavabdehlərə qarşı hissədə qismən təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, borcalan Cavabdeh1 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinə görə birgə məsuliyyəti üzərinə Cavabdeh2 Mehdibala qızı götürmüşdür. Cavabdeh3 ilə bu barədə zaminlik müqaviləsi bağlanmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia cavabdehlərdən Cavabdeh2 qarşı hissədə təmin edilməli, Cavabdeh3 qarşı rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “xxxx” MMM QBKT-nin iddiası əsas borc hissəsində tam təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mehdibala qızından tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mehdibala qızından müştərək qaydada 7691.30 (yeddi min altı yüz doxsan bir manat, otuz qəpik) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi “xxxx” MMM QBKT-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar