Məhkəmə qərarları › İş №2(004)-5997/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5997/2024

19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5997/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X4 iştirakları ilə, İddiaçı Mehdixan qızının cavabdeh X5 qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mehdixan qızı cavabdeh X5 qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay (250) manat sabit pul məbləğində aliment miqdarının artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun cavabdeh Mehdiyev (Mehdizadə) Zaur Rafiq ilə birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli məhkəmə qərarı ilə xx.xx.2008 təvəllüdlü X1 üçün cavabdehden hər ay 117 (yüz on yeddi) manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2024-ci il üçün hər uşağan aylıq saxlanc xərci 235 manat müəyyən edilmişdir. Alimentin tələbi üçün Bakı 3 saylı mediasiya təşkilatına müraciət etdik. Cavabdeh ilkin mediasiya sesiasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşlar. Bildirmişdir ki, özü halhazırda işləmir, himayəsində qoca anası və iki azyaşlı övladları var, iddiada qeyd olunan mələğdə aliment ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-4893/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-717 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 10 fevral 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 29 avqust 2009-cu il tarixdən cavabdeh Mehdiyev (Mehdizadə) Zaur Rafiq oğlundan hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1210/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 2(027)- 4893/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X5 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X3 hər ay 10 fevral 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, sabit pul məbləğində alimentin tutulma tarixinin 29 avqust 2016-cı il tarixdən hesablanması qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin rəsmi iş yeri barədə məlumatın olmamasını, ikinci dəfə ailə həyatı qurmasını, himayəsində iki azyaşlı uşağının olmasını, uşağın mənafeyini və uşaq üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, iddia qismən təmin edilməli, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, eyni zamanda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün yaşayış minimumu həddində, 235 manat sabit pul məbləğində alimentin tutulmasını ilk növbədə uşağın, daha sonra tərəflərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)- 1210/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 İddiaçı Mehdixan qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdeh X3 xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Mehdixan qızına ödənilməlidir. Məhkəmə Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, miqdarı artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-1210/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 İddiaçı Mehdixan qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh X3 xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Mehdixan qızına ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar