Məhkəmə qərarları › İş №2(004)-608/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-608/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-608/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində pulun, vəkil müqaviləsinin bağlanılması üçün ödənilmiş 210 manat məbləğində pulun, vəkilə etibarnamənin alınması üçün notariat kontoruna ödənilmiş 11,50 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 15251,50 manat məbləğində olan pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun, Cavabdeh ilə yaxın dostluq münasibətləri olmuşdur. Bundan başqa da, Cavabdeh ilə qohumluq münasibətlərindədirlər. 2020-ci ilin yanvar ayının əvvəllərində Cavabdeh ona müraciət edərək, 15000 manat məbləğində pula ehtiyacı olduğunu bildirmiş və qısa müddət ərzində, yəni altı ay ərzində borc kimi alacağı pulu tam şəkildə qaytaracağını bildirmişdir. Həmin vaxt onun maddi imkanı olduğu üçün, cavabdehlə qohumluq münasibətlərində olduqlarını nəzərə alaraq, onun istədiyi 15000 manat məbləğində pulu 04 yanvar 2020-ci il tarixdə ona aralarında həmin tarixdə yazılı formada bağlanılmış kredit müqaviləsi əsasında borc vermişdir. Cavabdeh 15000 manat məbləğində olan pul ona verilən zaman borcunu 04 iyul 2020-ci il tarixə kimi tamamilə qaytarmağı öz öhdəsinə götürmüşdür. 04 yanvar 2020-ci il tarixdə onunla Cavabdeh arasında iddiaçının ona 15000 manat məbləğində olan pulu borc verməsi ilə bağlı yazılı formada kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15000 manat məbləğində pulu borc kimi vermişdir və o, da qeyd olunan kredit müqaviləsinə əsasən göstərilən borcu ona 04 iyul 2020-ci il tarixə kimi tamamilə qaytarmalı idi. Cavabdeh onunla aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozaraq, bu günədək öz üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, verdiyi sözə görə, kredit müqaviləsinə əsasən isə 04 iyul 2020-ci il tarixə kimi qaytaracağı şərti ilə ondan aldığı borc pulu ona qaytarmamışdır və o, həmin borcunu qaytarmaqdan qəsdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, onlar cavabdehlə yas yerində həftədə 1-2 dəfə görüşürdülər. Ona orada müəyyən köməklik edirdi, yaxınlıqları olmuşdur. Cavabdeh ona problemi olduğunu bildirmiş və ona kömək etməyini istəmişdir. 1-2 aya borcunu qaytaracağını bildirmişdir. 20000 manat pul istəmişdir. Vəkilin yanında verə biləcəyini bildirmiş və o da ona heç bir problem olmadığını bildirmişdir. Nərimanov rayonu ərazisində bir vəkil bürosunda 15000 manat məbləğində 100 manatlıq əskinazlarla cavabdehə borc pul vermiş və müqavilə imzalamışlar. Cavabdeh müqavilə ilə tanış olduqdan sonra onu imzalamışdır. Cavabdeh söz verdi ki, 6 ay ərzində borcunu qaytaracaq. Bundan sonra da aralarında münasibətlər yenə də yaxşı idi. Lakin müəyyən müddətdən sonra cavabdeh onun zənglərinə cavab vermirdi. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı onun ögey qardaşının dayısının arvadıdır. Qardaşı rəhmətə getdikdən sonra onun evi vərəsəlik qaydasında ona keçmişdir. O, qardaşının yas mərasimində Gülnarə ilə tanış olmuşdur. Onlar evin açarını, sənədlərini və anasından qardaşına qalan bütün qızıl-zinət əşyalarının götürmüşdülər. O, evi satdıqdan sonra qardaşının dayısının arvadına və bibisinə halallıq olması üçün hər birinə 1500 manat verəcəyini bildirmişdir. Ona görə də ona bununla bağlı sənədə imza atmağını istədilər. O da bunun üçün boş kağıza imza atmışdı. İddiaçıdan heç bir borc pul almamışdır. Sənəddəki imza ona məxsusdur. Lakin o, imza edəndə həmin kağızda heç bir yazı və ona 15000 manat borc verilməsi qeyd olunmamışdır. O, kağıza imza atanda yanında Gülnarə, onun vəkili olmuşdur. Gülnarə ondan həqiqətən də evi satanda ona 3000 manat verəcəyini təsdiq etmək üçün notariusda müqavilə bağlamağı xahiş etmişdir. Onlar notariusa getdikdə belə bir müqavilənin qanunvericilikdə nəzərdə tutulmadığını bildirdilər. Ona görə də, Gülnarənin vəkili ondan xahiş etdi ki, kağıza imza atsın, sonradan özü müqaviləni tərtib edəcəkdir. O da imza atmışdır. Həmin kağızda Gülnarənin imzası yox idi. Gülnarə o imza atanda onun yanında olub, lakin onun yanında imza atmamışdır. Cavabdeh məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı cavabdehin qardaşı Vaqifə qulluq etdiyinə görə, onun evinə daimi gedib-gələn şəxs kimi Cavabdeh qardaşına baxdığını-qulluq etdiyini bildirir. İddiaçı tərəf Vaqifin qardaşının olduğunu bilmirdi, elə bilirdilər ki, onlar vərəsə olacaqlar və Vaqifin evi onlara qalacaq. Lakin biləndə ki, Vaqifin qardaşı var və ev ona qalacaq, o zaman Novruza bildirirlər ki, onlar onun qardaşına qulluq etmişlər. Novruz qarşı tərəfə bildirmişdir ki, qardaşına qulluq etdiklərinə görə onlara 3-5 min manat haqq verə bilər. Bu məqsədlə iddiaçı cavabdehi vəkil yanına aparıb boş vərəqə imza çəkdirirlər ki, o vərəsəliyi qəbul etdikdən sonra onlara 3000 manat pul versin. Cavabdeh də inanaraq boş vərəqi imzalamışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin zahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X1 ilə Cavabdeh arasında bağlanmış 04.01.2020-ci il tarixli Kredit (Borc) müqaviləsindən görünür ki, 15000 manat məbləğində pulu yüzlük əskinaslarla nağd şəkildə borc olaraq almış və borc alan: Cavabdeh həmin götürdüyü borcu 6 ay müddətində borca pul verən: İddiaçı tam şəkildə qaytarmağı öz öhdəsinə götürmüşdür. Tərəflər: İddiaçı və Cavabdeh razılığa gəlmişlər ki, borclu borcunu vaxtında ödəmədiyi halda, kreditor (borc verən) borcu almaq üçün borc götürəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almaqla, həmin məcəllələrin müvafiq maddələrinə uyğun olaraq, məhkəmədə iddia qaldırmağa haqlıdır. İş materiallarında olan 29.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci və 30-cu vərəqlərində İddiaçı ilə Cavabdeh adlarından olan 4 yanvar 2020-ci il tarixli kredit (borc) müqavilələrində “Borc pul alan: İmza: Cavabdeh” tərəfindən icra olunmuşdur. İş materiallarında olan 08.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, təqdimata təqdim edilmiş 04.01.2020-ci il tarixli iki ədəd kredit müqaviləsində çap mətnləri əvvəl, sonra isə imzalar icra edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməsə də, iş materiallarında olan borc müqaviləsindən görünür ki, 15000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmiş. Cavabdeh izahatında müqavilədə olan imzanın ona məxsus olmasını, lakin imzanı atdığı zaman müqavilədə heçnə yazılmadığını iddia etmişdir. Məhkəmə tərəfindən mübahisənin obyektiv və ədalitli həll edilməsi məqsədi ilə məhkəmə sənədlərinin texniki ekspertizası və məhkəməxətşünaslıq ekspertizaları təyin edilmişdir. 29.04.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-ci və 30-cu vərəqlərində İddiaçı ilə Cavabdeh adlarından olan 4 yanvar 2020-ci il tarixli kredit (borc) müqavilələrində imzanın Cavabdeh tərəfindən icra olunmuşdur. 08.05.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdimata təqdim edilmiş 04.01.2020-ci il tarixli iki ədəd kredit müqaviləsində çap mətnləri əvvəl, sonra isə imzalar icra edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı və qanuni olduğundan təmin edilməli, Cavabdeh 15000 manat, vəkil müqaviləsinin bağlanması üçün ödənilmiş 210 manat, vəkilə etibarnamənin alınması üçün notariat kontoruna ödənilmiş 11,50 manat məbləğində pul tutularaq İddiaçı ödnilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 210 manat məbləğində pul Yusifbəyli və Partnyorları Vəkillər Bürosuna ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 188 manat məbləğində pul cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat, vəkil müqaviləsinin bağlanması üçün ödənilmiş 210 (iki yüz on) manat, vəkilə etibarnamənin alınması üçün notariat kontoruna ödənilmiş 11,50 (on bir manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 188 (yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar