Məhkəmə qərarları › İş №2(004)-609/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-609/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-609/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh1 iştirakı ilə İddiaçı Yelobank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 avqust 2020-ci il tarixli kredit müqaviləs üzrə 9339,35 AZN əsas borc, 2647.36 AZN faiz borcu və 36,04 AZN cərimə olmaqla, ümumilikdə cəmi 12022,75 AZN və 126,07 manat ödənilmiş dövlət rüsumunun tutlması barədə qətnamə çıxarılmasını, Cavabdeh1 ilə bağlanmış 05 avqust 2020-ci il tarixli kredit müqaviləsini ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək texniki səhv olduğu üçün X2 cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında borcundan yayınmadığını, qazanc əldə edə bilmədiyindən kredit ödənişlərini edə bilmədiyini bildirmiş və borcu ödəməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2020ci il tarixli 22-MZ2-1-0-177-20 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank cavabdehə 24 ay müddətinə illik 25% olmaqla, 10000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti, hesablanmış faizləri, komisiya haqqı ilə birlikdə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.08.2020-ci il tarixli 22-MZ2-1-0-177-20 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh1 05.09.2022-ci il tarixdən 05.08.2022-ci il tarixədək, sonuncu ay 533,55 manat, hər ay 533,72 manat olmaqla ümumilikdə 12809,11 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05.08.2020ci il tarixli 22-MZ2-1-0-177-20 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zaminlik müqaviləsi 05.08.2020-ci il tarixli 22-MZ2-1-0-177-20 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Müqaviləyə əsasən 05.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi məsuliyyətini zamin öz üzərinə götürmüşdür. İş materiallarında olan Yelo Bank” ASC ilə Cavabdeh3 arasında bağlanmış 05.08.2020-ci il tarixli 22-MZ2-1-0-177-20 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zaminlik müqaviləsi 05.08.2020-ci il tarixli 22-MZ2-1-0-177-20 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Müqaviləyə əsasən 05.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi məsuliyyətini zamin öz üzərinə götürmüşdür. İş materiallarında olan olan 23.12.2020-ci il tarixli 22-MZ2-1-0-177-20 saylı kredit müqaviləsinə 1 saylı əlavə Sazişə əsasən müəyyən olunur ki, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nəğd və köçürmə yolu ilə həyata keçirir. İş materiallarında olan olan 23.12.2020-ci il tarixli 22-MZ2-1-0-177-20 saylı Zaminlik müqaviləsinə 1 saylı əlavə Sazişlərə əsasən müəyyən olunur ki, kredit müqaviləsinin 23.02.2023-cü il tarixədək uzadılmışdır və Cavabdeh2 və Cəlil Səftər Kamil oğlu kredit müqaviləsinin müddətinin uzadılmasına etiraz etməmişlər. İş materiallarında olan 23.12.2020-ci il tarixli 22-MZ2-1-0-177-20 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh1 23.01.2021-ci il tarixdən ilk 3 ay güzəşt olmaqla, 23.02.2023-cü il tarixədək sonuncu ay 563,86 manat, hər ay 563,78 manat olmaqla ümumilikdə 12967,02 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 05.08.2020-ci il tarixli, kredit müqaviləsi üzrə 9339,35 manat əsas, 2647,36 manat faiz və 144,14 manat cərimə borcu olmaqla, ümumilikdə 12130,85 manat borcu vardır. İş materiallarında olan 03.11.2021-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. AR Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin maddənin 3-cü bəndinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə, tələb olunan borc cavabdelərhdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 05 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə 9339,35 AZN əsas borc, 2647,36 AZN faiz borcu və 36,04 cərimə borcu olmaqla, ümumilikdə 12022,75 AZN borc və 126,07 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar