Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6092/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Hüseynova (Ağayeva) Könül Malik qızına və Zamin oğluna qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Hüseynova (Ağayeva) Könül Malik qızına və Zamin oğluna qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1172,94 ABŞ dolları, bundan 129,70 ABŞ dolları əsas, 91,25 ABŞ dolları faiz, 931,09 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 20,90 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin oğlundan müştərək qaydada tutularaq ləğv prosesində olan Dəmirbank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19.07.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 1769.41 ABŞ dolları müəyyən edilmişdir, kreditin müddəti 19.09.2018-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh kredit verilərkən Zamin oğlu oğlu ilə Bank arasında 26 noyabr 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müdayilə üzrə kredit və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********614 saylı 03.08.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 30.07.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1172.94 ABŞ dolları təşkil edir. Bundan 129.70 ABŞ dolları əsas, 91.25 ABŞ dolları faiz, 931.09 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20.90 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, hazırda cavabdehin maliyyə arayışından da göründüyü kimi borcu aktivdir. Əsas borcu 129,70 ABŞ dollarıdır. Xanım gec yəni, 16 yanvar 2020-ci il tarixində müraciət etdiyi üçün restrukturizasiya müqaviləsi bağlanılmamışdır. Bu barədə ərizə məhkəmə elektron portalında yerləşdirilmişdir. Həmin dövrdə əsas borc 908 dollar olmuş, sonuncu ödəniş 06.12.2017-ci ildə olmuşdur. Ondan sonrakı dövrlərdə ödəniş olmamışdır. Cavabdeh tərəf əvvəlcədən müraciət etsə idi güzəşt tətbiq olardı. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edirlər. Belə ki, tərəflər arasında 19.07.2017-ci il tarixdə əlavə saziş bağlanmışdır. Saziş üzrə şərtləri icra etmişlər. Saziş qüvvədə olduğu müddətdə 1.40 hesablanmalı idi. Saziş qüvvədə olduğu üçün cərimə, 8% ilə hesablanmalıdır. Restrukturizasiya müqaviləsindən sonra qalan məbləğ 225 manatdır. Lakin iddiaçı onlardan 350 dollar tələb edir. 931 dollar cəriməni qəbul etmirlər. 129.70 dolları və 24 dolları qəbul edirlər, digər hissə ilə razı deyillər. Saziş olmasaydı iddia müddəti ötürülmüş olacaqdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 19.07.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 1769.41 ABŞ dolları müəyyən edilmişdir, kreditin müddəti 19.09.2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Zamin oğlu arasında bağlanmış 10.07.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi məqsədilə bağlanmışdır. İş materiallarında olan Dəmirbank ASC ilə Zamin oğlu arasında bağlanmış 19.07.2017-ci il tarixli zm ********* saylı, 10.07.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə 02 saylı əlavə sazişin 2.2-ci bəndinə əsasən zamin bu əlavə sazişi imzalamaqla ********* saylı, 10.07.2014-cü il tarixli Kredit müqaviləsi üzrə, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 02 saylı 19.07.2017-ci il tarixli Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. İş materiallarında olan 11.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli, 30.07.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 30.07.2021-ci il tarixə əsas borc üzrə 129,70 ABŞ dolları əsas, 91,25 ABŞ dolları faiz, 931,09 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 20,90 ABŞ dolları faiz borcu məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair 03.08.2021-ci il tarixdə xəbərdarlıq məktubları göndərilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh – borc alan müqavilə öhdəliyini icra etməmişdir. Beləliklə, cavabdeh borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh – borc alan isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Göründüyü kimi, kredit verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 931.09 ABŞ dolları məbləğində deyil, 05 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Hüseynova (Ağayeva) Könül Malik qızından əsas borc üzrə 129,70 ABŞ dolları, faiz borcu üzrə 91,25 ABŞ dolları, cərimə borcu üzrə 5 ABŞ dolları, həmçinin kredit müqaviləsi bitdikdən sonra hesablanmış 20,90 ABŞ dolları, cəmi 246,85 ABŞ dolları, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidi. Məhkəmə onu da qeyd edir ki, tələb digər cavabdeh Zamin oğluna münasibətdə təmin edilməməlidir. Belə ki, zaminlik müqaviləsi 10.07.2014-cü il tarixdə bağlanmışdır. Daha sonra tərəflər arasında 19.07.2017-ci il tarixdə zm370003430 saylı, 10.07.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə 02 saylı əlavə saziş bağlanmışdır. Müvafiq kredit razılaşması üzrə icra müddəti 19.09.2018-ci il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi ilə 10.09.2021-ci il tarixdə ilk dəfə zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn tələblər irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən 19.07.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verildiyindən iddia tələbi Zamin oğluna münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, bank Zamin oğluna qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdeh Zamin oğluna qarşı iddia tələbi ona aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Hüseynova (Ağayeva) Könül Malik qızından tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Hüseynova (Ağayeva) Könül Malik qızından əsas borc üzrə 129,70 (yüz iyirmi doqquz ABŞ dolları yetmiş sent) ABŞ dolları, faiz borcu üzrə 91,25 (doxsan bir ABŞ dolları iyirmi beş sent) ABŞ dolları, cərimə borcu üzrə 5 (beş) ABŞ dolları, həmçinin kredit müqaviləsi bitdikdən sonra hesablanmış 20,90 (iyirmi ABŞ dolları doxsan sent) ABŞ dolları, cəmi 246,85 (iki yüz qırx altı ABŞ dolları səksən beş sent) ABŞ dolları borc məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-6092/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6092/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver