Məhkəmə qərarları › İş №2(004)-6097/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6097/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6097/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 1297,64 manat əsas, 21,29 manat faiz və 111,4 manat cərimə borcu olmaqla, ümumilkdə 1430,33 manat borcun və 30 manat dövlət rüsumunun tutulması və Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 1 il güzəşt tətbiq olunmaqla, 5 il müddətinə, illik 1% olmaqla 1298,31 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit müqaviləsi ilə müəyyən olunmuş şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 dekabr 2019-cu il tarixli 6-Y-1-0-1047-15 №-li kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh sonuncu ay 27,79 manat, hər ay 27,60 manat olmaqla, cəmi 1337,95 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.08.2021-ci il tarixli bildirişə əsasən borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 16 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1297,64 manat əsas, 21,29 manat faiz və 111,4 manat cərimə borcu olmaqla, ümumilkdə 1430,33 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə, tələb olunan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddaçı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1297,64 manat əsas borc, 21,29 manat faiz borcu və 111,4 manat cərimə borcu olmaqla ümumilikdə 1430,33 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar