Məhkəmə qərarları › İş №2(004)-6104/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6104/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6104/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 13197.24 manat əsas borc, 1678.65 manat faiz borcu və 430.25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 15306.14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 11.10.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 borcunu qəbul etdiyini, pandemiya ilə əlaqədar qazanc əldə edə bilmədiyini bildirmiş, borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, evini satıb banka olan borcunu ödəyəcək. Zaminlərdən borc tutulmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında borcdan boyun qaçırmadığını, hazırda işsiz olduğunu, buna görə də borcu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o zamindir. Özünün banka borcu var və himayəsində azyaşlı övladı var. Məhkəmədən bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri digər Cavabdeh2 rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.10.2019cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 30 ay müddətinə, illik 30% olmaqla 20000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti hesablanmış faizləri, komisiya haqqı ilə birlikdə qaytarmağı öz öhdəsinə götürmüşdür. 11.10.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh3 arasında 11.10.2019-cu il tarixli, 24-MZ-1-0-701-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 11.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi məsuliyyətini zamin öz üzərinə götürmüşdür. 11.10.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh4 arasında 11.10.2019-cu il tarixli, 24-MZ-1-0-701-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 11.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi məsuliyyətini zamin öz üzərinə götürmüşdür. 11.10.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 11.10.2019-cu il tarixli, 24-MZ-1-0-701-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 11.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi məsuliyyətini zamin öz üzərinə götürmüşdür. İş materiallarında olan 11.10.2019-cu il tarixli, 24-MZ-1-0-701-19 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh1 20000 manat məbləğində pulu 11.11.2019-cu il tarixdən başlayaq 30 ay müddətinə, yəni 11.04.2022-ci il tarixədək, illik 25 faiz olmaq şərti ilə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.05.2020-ci il tarixli 11.10.2019-cu il tarixli, 24-MZ-1-0-701- 19 saylı kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən, Cavabdeh1 17460,10 manat məbləğində pulu, yəni 11.07.2022-ci il tarixədək, illik 25 faiz şərti ilə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.05.2020-ci il tarixli 11.10.2019-cu il tarixli, 24-MZ-1-0-701- 19 saylı zaminlik müqaviləsinə 1 saylı əlavə sazişlərə əsasən zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 kredit müqaviləsizin uzadılmasına razı olmuşlar. İş materiallarında olan 20.05.2020-ci il tarixli 24-MZ-1-0-701-19 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 11.06.2020-ci il tarixdən 11.07.2022-ci il tarixədək ümumilikdə 22807,28 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 11.10.2019-cu il tarixli məxaric qəbzinə əsasən, Cavabdeh1 14850 manat məbləğində pulu qəbul etmişdir. 01.11.2019-cu il tarixli məxaric orderinə əsasən 4950 manat məbləğində pul Cavabdeh1 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin banka 11.10.2019-cu il tarixli, 24-MZ-1-0-701-19 saylı kredit müqaviləsi üzrə 13197,24 manat əsas, 1678,65 manat faiz və 430,25 manat cərimə borcu olmaqla, ümumilikdə 15306,14 manat borcu vardır. İş materiallarında olan 16.08.2021-ci il tarixli bildirişə əsasən borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın və zaminlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. AR Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin maddənin 3-cü bəndinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə, tələb olunan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddaçı İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.10.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 11.10.2020-ci il tarixli kreddit müqaviləsi üzrə 13197, 24 manat əsas, 1678,65 manat faiz borcu, 430,25 manat cərimə borcu olmaqla ümumilikdə 15306,14 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar