Məhkəmə qərarları › İş №2(004)-6108/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6108/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6108/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçıASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçıASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə müəyyən edilir ki, tərəflər arasında olan mübahisə biznes məqsədi ilə verilmiş kredit borcunun ödənilməsi ilə bağlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından görünür ki, Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN 2********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bundan başqa Cavabdeh1 ilə İddiaçıASC arasında bağlanmış kredit verilməsinə dair 21.02.2020-ci il tarixli, 11-MZ2-1-0-308-20 saylı müqavilədən görünür ki, bank tərəfindən cavadbehə 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə biznes məqsədi ilə 15000 manat məbləğində kredit verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və verilmiş kreditin təyinatı biznes məqsədi ilə verildiyindən mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçıASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbini qismən etiraf edərək, mülki işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsinə razı olduqlarını bildirdilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçıASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair 2(004)-6108/2021 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar