Məhkəmə qərarları › İş №2(004)-614/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-614/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-614/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)- 274/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq azyaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və məcburi mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə ailə həyatı quraraq rəsmi nikaha daxil olublar. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı iki övladları olmuşdur. Nikahlarının ilk illərində münasibətləri normal olsa da sonradan ailə münasibətləri pisləşmiş və cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-274/2016 saylı qətnaməsi ilə aralarındakı nikahın pozulması, azyaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində olmaqla bir uşağa görə 117 manat olmaqla cəmi 234 manat məbləğində alimentin tutularaq mənə ödənilməsi qət edilmişdir. Həmin vaxtdan bu günə kimi alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Belə ki, özü işləyərək və valideynlərinin dəstəyi ilə uşaqlarının zəruri ehtiyaclarını ödəyə bilirdi. Lakin hazırda böyük övladının səhhətində yaranmış problemlərlə əlaqədar işləyə bilmir və təyin edilmiş aliment məbləği və valideynlərinin dəstəyi onların ehtiyaclarını ödəməyə kifayət etmir. Ondan fərqli olaraq cavabdeh özü alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. İddiaçı hal-hazırda heç bir yerdə işləmir. Maddi vəziyyəti çox pisdir. Cavabdehin qazancı isə çox yaxşıdır. Belə ki, o rəmi əməklə məşğuldur. Bundan əlavə olaraq vaxtaşırı ezamlarda olur, əlavə qazancı da kifayət qədərdir. Məhkəmənin təyin etdiyi 117 manat aliment məbləği İndiki dövrdə övladlarının saxlanılması üçün kifayət etmir. Uşaqlar məktəbli olduğuna görə müxtəlif fənlərdən hazırlıqlara getməsi, geyim və s. zəruri ehtiyaclarının ödənilməsi üçün müəyyən edilmiş aliment məbləğinin artırılmasına ehtiyac vardır. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bir nəfər uşağın saxlanılması üçün hazırda isə hər ay ən azı 220 manat pul lazım olduğu bir dövrdə cəmi 117 manat məbləğində alimentin tutulması ədalətli deyil. Böyük övladının da davamlı olaraq müayinə və müalicəyə ehtiyacı vardır. Lakin buna görə keçmiş həyat yoldaşı ona və övladlarına heç bir maddi və mənəvi dəstək göstərmir. Bütün bunlarla əlaqədar əvvəllər müəyyən edilmiş alimentin məbləğinin artırılması zərurəti yaranmışdır. Övladlarının təhsilini başa vurması, gələcəyini qurması üçün alimentin miqdarının qanunvericiliyin tələblərinə uyğun şəkildə artırılması vacib haldır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-274/2016 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 dekabr 2006-cı il tarixdə 1007 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay sabit pul məbləğində 117 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat, 2024-cü il üçün isə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat olamaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilsə də, alimentin artırılması üçün bu əsas ola bilməz. Alimentin artırılması üçün qanunda göstərilən paralel əsaslar da mövcud olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Həmçinin məhkəmə 117 manat sabit pul məbləğində təyin olunmuş alimentin məbləğini aşağı hesab edərək, bu məbləğin uşağın saxlanılması, onun artan qayğılarının və gələcək inkişafının dolğun şəkildə təmin olunması üçün kifayət etməyəcəyini diqqətə alıb, iddianın qismən təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-274/2016 saylı qətnaməsi ilə hər uşaq üçün təyin olunmuş 117 manat sabit pul məbləğində alimentin artırılaraq 200 manat sabit pul məbləğində müəyyən olunmasını uyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-274/2016 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz), cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-274/2016 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar