Məhkəmə qərarları › İş №2(004)-6182/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6182/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6182/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 3323,33 manat – bundan 823,24 manat əsas, 1365,29 manat faiz, 1017,43 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 117,37 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddiaçı "xxxx" ASC-nin ona qarşı qaldırdığı iddia tələbinə dair iddiası 3 illik iddia müddəti ötürüldüyündən, iddia müddətini tətbiq edərək iddianın rədd barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddiaçının verdiyi iddia bankla aralarında olan 11.082017-ci il tarixli müqavilə ilə bağlıdır. Müqavilənin müddəti 11.08.2018-ci il tarixdə bitmişdir və iddia müddətindən 3 il keçmişdir, yəni 11.08.2021-ci il tarixdən iddia verilmə müddəti bitmişdir. İddiaçı isə 09.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank müştəriyə 2000 manat məbləğində 11.08.2017-ci il tarixdən 11.08.2018-ci il tarixədək kredit xətti açmağı, borcalan isə müqaviləyə uyğun olaraq krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 002820 saylı Bank Xidmətləri müqaviləsinə əsasən müəyyən olunur ki, bank müştərinin yazılı müraciətinə əsasn müştəriyə bank hesablarının açılması və aparılması, əmanətlərin qəbul edilməsi, plastik kartın təqdim edilməsi, kredit krarı vasitəsilə kredit xəttinin verilməsi və s. xidmətlər göstərə bilər, həmin xidmətlərə uyğun olaraq müştəri müvafiq vəsaitləri hesablara mədaxil etməyi və ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.07.2021-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, ididiaçı tərəfindən borcun ödənilməsi barədə cavabehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Əlizadə Rəşad Nəzər oğlunun 823,24 manat əsas, 1365,29 manat faiz, 1017,43 manat gecikdirilmiş vaxt üçün hesablanan cərimə borcu, 117,37 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 3323,33 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2017-ci il tarixli 006T08170031 kredit müqaviləsi 11.08.2018-ci il tarixdə bitsə də, iddiaçı 15.09.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Yəni iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia verilməsi üçün müddət ötürüldüyünə görə iddia tələbi təmin edilməməli və iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cəmi borcu 3323,33 manat – bundan 823,24 manat əsas, 1365,29 manat faiz, 1017,43 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 117,37 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar