Məhkəmə qərarları › İş №2(004)-6184/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6184/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6184/2021 18.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 31.05.2020-ci il tarixli, RPZ-00008-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 30.08.2021-ci il tarixinə ödənilməmiş 10000 manat əsas borc, 1833,65 manat faiz borcu, 917,7 manat dəbbə borcu, ümumilikdə 12751,35 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin Əcəmi filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 31.05.2020-ci il tarixli, RPZ-00008-14/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 23 faiz ödəmək və aylıq əsasla qaytarılmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 15.12.2020-ci il tarixdə iddiaçıyla RPZZ-00008-14/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. 13.11.2020-ci il tarixində 31.05.2020-ci il tarixli, RPZ-00008-14/20A saylı kredit müqaviləsinə əlavə saziş imzalanmışdır. Cavabdeh1 MMC kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərə arasında olan müqavilələrə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə 30.08.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 10000 manat əsas borc, 1833,65 manat faiz borcu, 917,7 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin 30.08.2021-ci il tarixinə ümumi bocu 12751,35 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 31.05.2020-ci il tarixli, RPZ-00008-14/20A saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 MMC-yə İddiaçı tərəfindən illik 23 faizlə 12 ay müddətinə 10000 manat kredit verilmiş, “borc alan” isə əsas borcu, faizləri, komisyon xərclərini və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan borcverən İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış 15.12.2020-ci il tarixli, RPZ-00008-14/20A saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, bu müqavilə borcverən İddiaçı ilə borclu Cavabdeh1 MMC arasında bağlanmış 31.05.2020-ci il tarixli, RPZ-00008-14/20A saylı kredit müqaviləsindən irəli gələn borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan və 13.11.2020-ci il tarixində imzalanmış, 31.05.2020-ci il tarixli, RPZ-0000814/20A saylı kredit müqaviləsinə əlavə sazişdən müəyyən olunur ki, bu müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 12 ay müddətinə, 30 may 2022-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan 30.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin İddiaçı-yə 30.08.2021-ci il tarixinə əsas borc üzrə 10000 manat, faiz borcu üzrə 1833,65 manat, dəbbə borcu üzrə 917,7 manat olmaqla, cəmi 12751,35 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliklərə görə borclu Cavabdeh1 MMC ilə eyni məsuliyyəti daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və dəbbə üzrə borcun tutulması hissələrində qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 31.05.2020-ci il tarixli, RPZ-00008-14/20A saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 31.05.2020-ci il tarixli, RPZ-00008-14/20A saylı kredit müqaviləsi üzrə 10000 manat əsas borc, 1833,65 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 12333,65 manat borc tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən 31.05.2020-ci il tarixli, RPZ-00008-14/20A saylı kredit müqaviləsinə görə cərimə pulunun 917,7 manat məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 may 2020-ci il tarixli RPZ-00008-14/20A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 (on min) manat əsas borc, 1833,65 (bir min səkkiz yüz otuz üç manat altmış beş qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla cəmi 12333,65 (on iki min üç yüz otuz üç manat altmış beş qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar