Məhkəmə qərarları › İş №2(004)-620/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-620/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-620/2024 10.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X1 31 iyul 2019-cu il tarixli, BDK4682721 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 387 manat məbləğində əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 14 sentyabr 2019-cu il tarixli BDK46828926 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2055 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu və 47 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2789 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 İddiaçı MMC ilə müddəti 06 ay olmaqla 31 iyul 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 904 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 387 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 5340 manat faiz borcu yaranmışdır (387 manat x 1380 gün x 1%=5340 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa, iş üzrə cavabdeh X3 İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 14 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2061 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2055 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 21577 manat faiz borcu yaranmışdır (2055 manat x 1050 gün x 1%=21577 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbinin müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış 14 sentyabr 2019cu il tarixli nisyə alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, X3 İddiaçı-dən hissəhissə ödəniş şərti ilə 2061 (iki min altmış bir) manat məbləğində məişət avadanlığı əldə etmiş, 6 (altı) manat ilkin ödəniş etmiş, qalan 2055 (iki min əlli beş) manat məbləği isə 15 ay müddətinə aylıq 137 (yüz otuz yeddi) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materialında olan İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmış 31 iyul 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, X3 İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 904 (doqquz yüz dörd) manat məbləğində məişət avadanlığı əldə etmiş, 130 (yüz otuz) manat ilkin ödəniş etmiş, qalan 774 (yeddi yüz yetmiş dörd) manat məbləği isə 6 ay müddətinə aylıq 129 (yüz iyirmi doqquz) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materialında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli malyyə arayışından görünür ki, X3 İddiaçı MMC-dən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2055 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 387 manat olmaqla ümümilikdə 2442 manat borcu qalmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 14 sentyabr 2019-cu il BDK46828926 saylı və 31 iyul 2019-cu il tarixli BDK4682721 saylı müqavilə borc müqaviləsi adlandırılsa da, müqavilənin məzmunundan borc müqaviləsi olmadığı, tərəflərin həmin müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları müqavilənin nisyə alqı-satqı müqaviləsi olduğu müəyyən edilir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2019-cu il tarixli BDK4682892 saylı müqavilə üzrə 2055 (iki min əlli beş) manat əsas borc və 100 (yüz) manat cərimə, xx.xx.2019-cu il tarixli BDK4682721 saylı müqavilə üzrə 387 (üç yüz səksən yeddi) manat əsas borc və 30 (otuz) manat cərimə olmaqla, cəmi 2572 (iki min beş yüz yetmiş iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 47 (qırx yeddi) manat pul tutularaq tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2019-cu il tarixli BDK4682892 saylı müqavilə üzrə 2055 (iki min əlli beş) manat əsas borc və 100 (yüz) manat cərimə, xx.xx.2019-cu il tarixli BDK4682721 saylı müqavilə üzrə 387 (üç yüz səksən yeddi) manat əsas borc və 30 (otuz) manat cərimə olmaqla, cəmi 2572 (iki min beş yüz yetmiş iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 47 (qırx yeddi) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar