Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6318/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 21.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanmış 26.10.2020-ci il tarixli və 26.01.2021-ci il tarixli sazişlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin “Lökbatan” filialı ilə onun arasında 31 iyul 2018-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin tarixdə bank ilə zamin X4 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasını da cənginə alan bütün dünyada COVİD-19 pandemiyasının yayılmasını nəzərə alaraq bütün işlər demək olar ki, iflic olmuşdur. Bu da öz növbəsində o da içində olmaqla bank müştərilərini öz öhdəliklərini yerinə yetirməsinə təsir etmişdir. Kredit üzrə öhdəliklər yerinə yetirilmədiyindən bankla aralarında müxtəlif danışıqlar aparılmışdır. Həmçinin son illər ərzində ölkədə və dünyada olan pandemiya uzadıldığına görə sözügedən kredit müqaviləsi üzrə kredit ödənişlərində müəyyən problemlər yaranmışdır. Bununla bağlı cavabdehlə aralarında olan əsas müqaviləyə müəyyən dəyişikliklər edilmiş və bunları nəzərə alaraq tərəflər arasında əlavə razılaşmalar əsasında yeni qrafiklər açılmışdır. Bu minvalla cavabdeh ilə aralarında 26 oktyabr 2020-ci il tarixdə və 26 yanvar 2021-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında iki saziş imzalanmışdır. Lakin sonra da ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona heç bir güzəşt edilməmişdir, əksinə onu aldadaraq yuxarıda qeyd olunan sazişlər bağlanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, 26 oktyabr 2020-ci il tarixdə və 26 yanvar 2021-ci il tarixlərdə iddiaçı ilə bank arasında iki saziş bağlanmışdır. Həmin sazişlərə əsasən borcalan borcu kredit müqaviləsindən fərqli qaydada, daha yüngül şərtlərlə ödəməlidir. İddiaçı mübahisə predmeti olan sazişlərin onun aldadılması yolu ilə bağlanıdığını bildirsə də bunu əsaslandırmamışdır və sübut edə bilmir. İddia əsassızdır. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə xəbər verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 26.10.2020-ci il tarixli, 027R**********SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən 31.07.2018-ci il tarixli, 027L**********70 saylı kredit müqaviləsi üzrə borc sazişə əlavə olunan 26.10.2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödənilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 26.01.2021-ci il tarixli, 027R**********SC nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən 31.07.2018-ci il tarixli, 027L**********70 saylı kredit müqaviləsi üzrə borc sazişə əlavə olunan 26.01.2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödənilməlidir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdehlə aralarında 26.10.2020-ci və 26.01.2021-ci il tarixlərdə cavabdehin onu aldadatması yolu ilə sazişlər bağlandığını bilidirir və bu səbəbdən də sazişlərin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Beləliklə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış sazişlər onların iradə ifadəsinə əsaslandığından həmin sazişlərin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı onunla Cavabdeh QSC arasında bağlanmış 26.10.2020-ci il tarixli, 027R**********SB nömrəli və 26.01.2021-ci il tarixli, 027R**********SC nömrəli sazişlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6318/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6318/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver