Məhkəmə qərarları › İş №2(004)-6325/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6325/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6325/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. 10.03.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru Elgiz Kazımov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, 2 ədəd ev siqnal ötürücüsü, bir ədəd adaptor məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 07.04.2021-ci il tarixdə məhkum elektron nəzarət vasitəsi olan mobil qurğunu siqnal verdiyi üçün onu sındıraraq yararsız hala salmışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Odur ki, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, elektron nəzarət vasitəsi gecələr narahatedici səslər etdiyindən onu özündən kənarlaşdıraraq yaşadığı mənzilin mətbəxindəki stolun üzərinə qoymuşdur. Həmin gecə telefon səslər çıxararaq yerə düşmüşdür. Lakin həmin elektron nəzarət vasitəsi sınmamışdır. Hesab edir ki, düzəldilə bilər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004)-238/2020 saylı, 30.11.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə dostları X6, X3 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06.04.2020-ci il tarixdə təxminən saat 18:15-də ünvan 1 ünvanının qarşısında dayanmış X4 məxsus “BMW X5” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsinin açıq olmasından istifadə edərək arxa sağ qapını açmaqla arxa sağ oturacaqda olan çantadan sonuncunun Azərbaycan Respublikası manatının həmin dövr üçün olan məzənnəsi ilə 12.410 (on iki min dörd yüz on) manat dəyərində 7.300 (yeddi min üç yüz) ABŞ dolları pulunu gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış və hökmün icrası Cavabdeh yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 10.03.2021-ci il tarixli elektron nəzarət vasitəsinin tətbiq olunduğu subyektin həmin vasitədən istifadə qaydaları haqqında protokolun surətindən görünür ki, üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlanılması, bunun üçün görülməli olan işlər, habelə hər-hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi üzərinə qoyulmuş vəzifələri pozduğu təqdirdə cəzasının azadlıqdan məhrum etmə növü ilə əvəz olunacağı izah edilməklə məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş və özü şəxsən protokolla tanış olmuş və imzalamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh izahatından görünür ki, 10.03.2021-ci il tarixdə üzərinə tətbiq olunmuş aparat səs saldığı üçün mətbəxə qoyduğundan stoldan düşüb sınmışdır. Bu səbəblə icra məmurları yeni elektron nəzarət tətbiq etmişlər. Yeni tətbiq olunmuş mobil cihaz yenidən səs saldığı üçün tamamilə söndürmüş və cərəyana qoşmuşdur. Söndürməsinə səbəb isə cihazın (saldığı səsin) onu yatmağa qoymaması olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış 29.07.2021-ci il tarixli, ED-M-96-21 saylı məktubundan görünür ki, Sadə elektron qolbaq -sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası- x1 vasitələrin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004)-238/2020 saylı, 30.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Cavabdeh üzərinə digər vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. O, isə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, elektron nəzarət vasitəsini özündən kənarlaşdırmış, onu qorumamış və nəticədə elektron nəzarət qurğusu stoldan düşərək sınmışdır. Odur ki, Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təqsirli hərəkəti nəticəsində elektron nəzarət qurğusunun sınması müəyyən olunduğundan, Cavabdeh vurulmuş maddi ziyana görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən Bakı Şəhər Probasiya İdarəsi dövlət rüsumu ödəməkdən azad olunur. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar