Məhkəmə qərarları › İş №2(004)-6371/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6371/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6371/2021 22.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "Bank of Baku” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Bank of Baku” ASC-nin Cavabdeh qarşı "kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviəsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 22.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh 13709,48 manat əsas, 1653,13 manat faiz borcu, 331,09 manat məbləğində cərimə olmaqla, ümumilikdə isə 15693,7 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirir ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında 25.08.2020-ci il tarixdə imzalanmış Baş sazişə əsasən borcluya 25.08.2020-ci il tarixdə illik 21 faiz olmaqla 36 ay müddətində 15000 manat kredit verilmişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablamış faiz borcunu ödəməkdən yayınır. Nəticədə isə kredit müqaviləsinin tələblərini pozur. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.08.2020-ci il tarixli, CC/68752/76/4 saylı kredit sazişinə əsasən bank tərəfindən müştəriyə illik 21% faiz dərəcəsii ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verməklə bank hesabı açılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 07.09.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 25.08.2020-ci il tarixli müqaviləsi üzrə 13709,48 manat əsas, 1653,13 manat faiz, 331,09 manat cərimə borcu vardır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı ASC öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia əsas borca və faiz borcuna münasibətdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 331,09 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13709,48 manat əsas, 1653,13 manat faiz borcu, 10 manat məbləğində cərimə olmaqla, ümumilikdə isə 15372,61 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 25.08.2020-ci il tarixli, CC/68752/76/4 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 13709,48 manat əsas, 1653,13 manat faiz borcu və 10 manat məbləğində cərimə olmaqla, ümumilikdə 15372,61 (on beş min üç yüz yetmiş iki manat altmış bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar