Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-638/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış 31 may 2013-cü il tarixli 10-M-1-0-836-13 saylı kredit müqaviləsinin ləğv edilməsi və 31 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 31 may 2013-cü il tarixində Cavabdeh ASC-ti ilə 10-M-1-0-836-13 saylı kredit müqaviləsi bağlayaraq 18 ay müddətinə illik 28 faiz olmaqla 1900 ABŞ dollar kredit götürmüşdür. Maddi vəziyyətinin pisləşməsi nəticəsində banka olan borcunu ödəyə bilmədi. Bu səbəbdən Cavabdeh ASC-ti İddiaçı qarşı kredit borcunun geri qaytarılması tələbi ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23 sentyabr 2021-ci i tarixli 2(044)-2582/2021 saylı qətnaməsi ilə iddia müddəti tətbiq edilərək iddia rədd edilmişdir. Cavabdeh ASC-ti Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23 sentyabr 2021-ci i tarixli 2(044)-2582/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(104)-515/2020 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23 sentyabr 2021-ci i tarixli 2(044)- 2582/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən İddiaçı adının olan xx.xx.2009-cü il tarixli kredit müqaviləsi üzrə borcun Mərkəzləşdirilmiş Kredit reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsini Azərbaycan Respublikasının Mərkəzi Bankından, Cavabdeh ASC-dən və Azərbaycan Kredit Bürosu” MMC-dən xahiş etmişdir. Oradan İddiaçı bildirdilər ki, həmin məlumatların silinməsi onların imkanı xaricindədir və məhkəməyə müraciət etməyi məqsədəuyğundur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin kredit müqaviləsi üzrə borcu tam ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarına əsasən iddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmur. Borc bugün də qalır. Eyni zamanda müqavilə 18 ay müddətinə bağlandığından müqavilənin müddəti bitmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2021ci i tarixli 2(044)-2582/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı 31 may 2013-cü il tarixli 10-M-1-0-836-13 saylı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası iddia müddətinin keçməsi səbəbindən rədd edilmişdir. Qətnamədən eyni zamanda görünür ki, 31 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC tərəfindən 28 faizlə 18 ay müddətinə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı banka 367,97 ABŞ dolları əsas, 590,19 ABŞ dolları faiz borcu, 2939,48 ABŞ dolları cərimə, illik 5 %-lə 194 ABŞ dolları, cəmi 4091,64 ABŞ dolları borcu vardır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(104)- 515/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci i tarixli 2(044)- 2582/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Göründüyü kimi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci i tarixli 2(044)-2582/2021 saylı qətnaməsinə əsasən onun kredit borcunun olmaması əsası ilə yox, bank tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı rədd olunması müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda iddiaçının banka olan borc öhdəliyi tam icra edilməmişdir. Lakin, nəzərə alınmalıdır ki, iddia müddətinin ötürülməsi öhdəliyin aradan qalxmasına səbəb olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, «İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.» Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının öhdəliyi bitmədiyindən və tam icra edilmədiyindən, yalnız tələbkarın iddiası iddia müddətini keçirməsi iddiaçını üzərinə götürmüş olduğu öhdəliyindən azad etmir. Bu səbəbdən iddia tələbinin “31 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi” hissəsinin təmin edilməsi mümkün deyil. Məhkəmə kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, göründüyü kimi 31 may 2013-cü il tarixli 10-M-1-0-836-13 saylı kredit müqaviləsi 18 ay müddətinə bağlandığından 31 noyabr 2014-cü il tarixdə müqavilənin müddəti başa çatmışdır. Belə olan halda hazırda qüvvədə olmayan kredit müqaviləsinin ləğvi barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı borcu hələ də mövcud olduğundan və əksini sübut edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “31 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-638/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-638/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver